Press "Enter" to skip to content

Özbəkistan daha 93 vətəndaşını Suriya bataqlığından xilas edib

Son yeniləmə: 1 May 2021 11:56

Bayraqdar.info – Özbəkistan mediasının verdiyi xəbərə görə, son günlər ərzində bu ölkə “Mehr-5” əməliyyatı çərçivəsində Suriyadan 90-dan artıq vətəndaşını geri qaytarıb.

Qaytarılanlar əsasən qadınlar və uşaqlardır. Ümumilikdə 93 nəfər – 24 qadın və 69 uşaq ölkəyə gətirilib. Onların arasında həm ata, həm də anasını itirmiş 7 uşaq var.

“Daryo” İA-nın verdiyi xəbərə görə, aprelin 30-u axşam saatlarında Suriyadakı əl-Hol qaçqın düşərgəsindəki 93 Özbəkistan vətəndaşı ABŞ və digər tərəfdaş dövlətlərin yardımıyla öz yurdlarına qaytarılıb.

Məlumatlarda bildirilir ki, bu uşaq və qadınları 3 ildir ki, düşərgələrdə tuturmuşlar. Onların kişiləri Suriyadakı döyüşlərdə həlak olub.

O da bildirilir ki, 2019-cu ildən bəri əvvəlki “Mehr” (1, 2, 3, 4) əməliyyatları çərçivəsində Suriya, İraq və Əfqanıstandan ümumilikdə 438 uşaq və qadın Özbəkistana qaytarılıb.

Geri gətirilənlərə tibbi və psixoloji, həmçinin sosial yardım göstərilir, onların sənədləri bərpa edilir.

Qeyd olunur ki, bu ilin yanvarında BMT adı keçən düşərgədəki qeyri-insani şəraitlə bağlı həyəcan təbili çalıb. Bildirilir ki, orada yüksək səviyyədə zorakılıqlar geniş yayılıb, ən adi yaşayış imkanları yoxdur.

Adı keçən düşərgədə 60 mindən çox insan yaşayır. Onların 80 faizindən çoxu uşaq və qadınlardır.

Mission News Theme by Compete Themes.