Deputat Ramil Həsən: Türkiyənin hərbi-sənaye sahəsində əldə etdiyi yeni uğurlar Türk Şurasına üzv ölkələrin də xeyrinədir
Bayraqdar.info – “Son illər öz müstəqil və qətiyyətli siyasəti ilə önə çıxan qardaş Türkiyə bir çox sahələrdə davamlı uğurlar əldə edib. Bu sırada hərbi-sənaye sahəsi xüsusilə fərqlənir. Bu günlərdə MKEK Barıtsan Raket və Partlayıcı Fabrikində qurulan Energetika məhsulları İstehsalat Mərkəzinin açılışı da deyilənləri bir daha təsdiqləyir.”
Bunu Milli Məclisin deputatı Ramil Həsən bayraqdar.info-ya özəl açıqlamasında deyib. Onun sözlərinə görə, atılan addımlar və qazanılan uğurlar hər keçən gün Türkiyənin qüdrətini daha da artırır: “Əslində son 10 ildə hərbi-sənaye istehsalı sahəsində qazanılan nailiyyətlərə görə, Türkiyənin güclənməsinə qısqanclıqla yanaşan bəzi xarici güclərə də minnətdar olmaq lazımdır.
“O mənada ki, həmin dövlətlər son 10 il ərzində Türkiyəni sıxmaq, ona müxtəlif təzyiqlər göstərmək üçün cəhdlər etdi. Eyni zamanda hərbi əməkdaşlıq sahəsində Türkiyəyə verilən sözlər yerinə yetirilmədi. Lakin hər zaman tarixində şanlı zəfərlərə imza atmış türk xalqı bu dəfə də problemlərdən çıxmaq üçün ayaqda durdu.
“Türkiyə özünü təmin edəcək, hətta ixrac edəcək hərbi-sənaye potensialını gücləndirmək üçün inqilabyönümlü addımlar atdı. Cənab Erdoğanın dediyi kimi dünyada hərbi məhsulların texnologiyaları sürətlə dəyişir. Artıq təyyarə bombaları, döyüş sursatları, raketlər və döyüş başlıqları, partlayıcı maddələrə görə Türkiyə heç kimdən asılı olmayacaq.
“Beləliklə, açılışı keçirilən bu Mərkəzin sayəsində Türkiyə yeni nəsil partlayıcı maddələr istehsal etmə qabiliyyəti ilə super liqaya çatacaq. Xaricdən gətirilən modul barıt sistemi bundan sonra artıq tamamilə yerli vasitələrlə istehsal ediləcək”.
Deputat onu da bildirib ki, Türkiyənin hərbi-sənaye sahəsində əldə etdiyi yeni uğurlar Türk Şurasına üzv ölkələrin də xeyrinədir: “Azərbaycanın möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsi dünya hərb tarixinə keçdi. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın başçılığı altında Vətən torpaqlarını düşmən işğalından azad etdi.
“Bəlli olduğu kimi, həmin savaş zamanı Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikaların, o cümlədən “Bayraktar”ların imkanlarından da istifadə olundu. Azərbaycan tərəfinin müvafiq qanunlar və ikitərəfli anlaşmalar nəticəsində satın aldığı həmin hərbi texnika Vətən müharibəsi zamanı sınaqdan uğurla çıxdı.
“Bu müharibə, həmçinin hərbi texnikanın imkanlarından uğurla istifadə edilməsinə dair məqamlar artıq dünyanın bir çox aparıcı hərbi-sənaye potensialına sahib ölkələrinin rəsmi araşdırmalarına daxil edilib. Hesabatlarda bildirilir ki, Qarabağ savaşı hava hücumundan müdafiə, eyni zamanda, müasir insansız hava vasitələri ilə bağlı yeni sistemin meydana gəldiyini təsdiqlədi”.
Deputat əlavə edib ki, bu məqamlar digər qardaş türk dövlətləri üçün də bir təkan ola bilər: “Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri, iki qardaş dövlətin hərbi sənaye potensialını birlikdə modernizə edərək həyata keçirməsi ilə bağlı atılan addımlar digər qardaş dövlətlərə də sirayət edəcək.
“Şübhəsiz ki, bu əməkdaşlıq heç bir dövlətə qarşı yönəlməyib. Amma hər bir dövlətin öz müdafiə potensialını gücləndirməsi vacibdir. Bu, işğalçılıq niyyəti güdən dövlətlərə də lazımi cavabın verilməsində öz sözünü deyir.
“Bu baxımdan Azərbaycanın işğalçı Ermənistana verdiyi dərs, dəmir yumruğu, əslində hər kəs üçün də yaxşı nümunə oldu. Elə Özbəkistan hərbiçilərinin ilk dəfədir ki, Türkiyə hərbçiləri ilə birlikdə təlimlərdə iştirak etməsi də bunu təsdiqləyir.
“Bütün bunlardan yola çıxaraq hesab edirəm ki, yaxın gələcəkdə digər qardaş Türk dövlətləri də Türkiyənin hərbi-sənaye potensialından yaxşı mənada istifadə edəcək.
“Yenə qeyd etmək istəyirəm ki, nə Türk Şurasının, nə də Türk Şurasına üzv olan dövlətlərin heç birinin başqa bir ölkənin torpaqlarında gözü yoxdur. Şükürlər olsun ki, Azərbaycan kimi qardaş dövlətlərimiz də dünyada tolerantlığı ilə, bütün dinlərə, millətlərə, insanlara qarşılıqlı hörmət əsasında siyasət yürütməsi ilə tanınırlar.
“Yəni bu gün hərbi-sənaye potensialının güclənməsiylə bağlı həm Türkiyənin, həm Azərbaycanın, həm də digər türk dövlətlərinin atdıqları addım dünyaya qarşı bir təhdid deyil. Bu sadəcə müdafiə, sülhü, sabitliyi və təhlükəsizliyi təmin etmək xarakteri daşıyan addım kimi xarakterizə olunmalıdır.
“Əminəm ki, bundan sonra da Azərbaycan-Türkiyə qardaşlığı, bizim birgə fəaliyyətimiz digər türk dövlətləri üçün örnək olacaq”.