Press "Enter" to skip to content

Bu çətin günlərdə türk dövlətləri Qırğızıstanı tək qoymur

Prezident Sadır Caparov

Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov bu gün Bişkekə müalicə üçün gətirilmiş yaralıları yoluxub.

Bu haqda xəbəri Prezidentin Ofisindən veriblər.

Xəbərdə deyilir ki, aprelin 30-da Batkendən Bişkekə təyyarə ilə 46 nəfər yaralı gətirilib və xəstəxanalara yerləşdirilib.

Dövlət başçısı deyib ki, yaralıların hamısına dövlət gərəkli yardımı göstərəcək.

Prezidentin Ofisindən o da bildirilir ki, S.Caparov bu gün Tacikistan Prezidenti Emomali Rahmonla telefon əlaqəsi saxlayıb.

Dövlət başçıları bir daha əminliklərini ifadə ediblər ki, əldə edilmiş razılaşmalara əsasən qarşılıqlı anlaşma davam edəcək. Onlar vəziyyəti dövlətlərin ərazi bütövlüyünə hörmət ruhunda tənzimləyəcəklərini bildiriblər.

Hər iki tərəf bir daha qeyd edib ki, sərhəd yaxınlığındakı bütün hərbi texnika ərazidən uzaqlaşdırılacaq.

Eyni zamanda onlar sərhəd bölgəsindəki hərbi texnikanın təftişi üçün ortaq komissiya yaratmaqla bağlı razılığa gəliblər.

İki ölkə rəhbəri bir daha bildirib ki, yeni qarşıdurmalara yol verilməməlidir.

Bu arada o da bəlli olub ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev də bu gün Qırğızıstan Prezidentinə zəng edib, ona başsağlığı verib.

Q-J.Toqayev eyni zamanda qeyd edib ki, bütün anlaşılmazlıqların dinc yollarla çözülməsi vacibdir.

Əlavə edək ki, mayın 1-də səhər saatlarında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Qırğızıstanlı həmkarıyla telefonda danışıb. O da münaqişənin həlli istiqamətində atılan addımlarla bağlı fikir mübadiləsi aparıb.

Onu da xatırladaq ki, aprelin 30-da Türk Keneşinin Baş katibi Bağdad Amreyev də Qırğızıstanla əlaqə saxlayıb, vəziyyətlə bağlı narahatlığını bölüşüb. Bunun ardından Keneşin adından münaqişəni dinc yolla həll etməyə çağıran bəyanat yayımlanıb.

Mission News Theme by Compete Themes.