Bayraqdar.info – Qırğızıstan paytaxtı Bişkekdə 24 saatlıq rejimlə media qərargahı işləyir.
Bu haqda xəbəri Qırğızıstan Prezidentinin Ofisindən veriblər.
Xəbərdə deyilir ki, qərargahın məqsədi Qırğızıstan-Tacikistan sərhədində baş verənlərlə bağlı operativ və düzgün informasiya yayımına dəstək verməkdir. Qərargahı Prezidentin Ofisi idarə edir.
Qərargahda uyğun dövlət qurumlarının təmsilçiləri media nümayəndələrini maraqlandıran bütün suallara cavab verməyə hazırdır.
Eyni zamanda burada jurnalistlərin, ayrı-ayrı ekspertlərin və blogerlərin işləməsi üçün şərait yaradılıb.
O da bildirilir ki, media qərargahında mütəmadi olaraq mətbuat konfransları təşkil ediləcək. Belə tədbirlər Qırğızıstan Respublikası Prezidentinin Facebook səhifəsində canlı yayımlanacaq: facebook.com/KyrgyzPresident.
Bu arada onu da qeyd edək ki, mayın 1-də səhər Qırğızıstan Prezidenti Sadır Caparov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon əlaqəsi saxlayıb. Yenə də qırğız-tacik sərhədindəki məsələ müzakirə edilib. Tərəflər vəziyyətin sabitləşməsindən məmnunluq ifadə ediblər.
Qeyd edək ki, aprelin 30-da Özbəkistan Prezidenti həm Qırğızıstan, həm də Tacikistanlı həmkarıyla telefon əlaqəsi saxlayaraq münaqişənin dayandırılması və ortaq anlaşmaların əldə edilməsi üçün səy göstərmişdi.