Pis deyil. Bayraqdar.info, elan etdiyimiz kimi, heç bir “şok”, “dartma, yaxam cırıldı” xəbər paylaşmağı hədəfləmədiyini ilk gündən bəyan etmişdi. Təbii ki, iddiamız intellektual – ciddi oxucuya xitab etməkdir. Elə də edirik.
Aprel ayı üçün hədəfimiz ən azı 3 min unikal IP yığmaq idi. Özü də reklamsız. Düzdür, tək bir dəfə reklam verdik, o da IP gətirmədi. Çünki yanlış seçənək etdik, başqa yönə getdi. O reklamdan saytımıza giriş 0 oldu. Nə isə, buna baxmayaraq rəqəmlər sevindiricidir.
68 ölkədən ziyarətçimiz var. Bu qədər qısa müddətə bu qədər ölkədə görünmək bizim üçün həqiqətən böyük uğurdur. Çünki illərlə fəaliyyət göstərib belə geniş coğrafiya əhatə edə bilməyən, lakin N qədər pul xərcləyən elə N qədər də sayt var.
Hədəflədiyimiz 3 min yerinə düz iki dəfə artıq – 6 min 50 IP topladıq ay ərzində (indi kimsə çıxıb deməsin ki, bu, bizim bir saatlıq IP-mizdir). Ümumi ziyarət sayımız isə yenə də gözlədiyimizin 2 qatı oldu: 11 min 862.
Ay ərzində dərc etdiyimiz yazıların sayı 518 oldu. Bütün materiallar tək-tək oxunub, redaktə edilib. Müəllif yazılarındakı fərdi fikirlər istisna olmaqla bütün xəbərlərdə istinad verilib. Bir çoxlarında istinad mənbəyinin tələbinə uyğun olaraq hiperkeçidlə həm də.
AzərTAc-ın cəmi bir neçə xəbəri istisna olmaqla Azərbaycanın heç bir mediasından xəbər və yazı dərc etməmişik. AzərTAc-dan aldıqlarımızı da hiperkeçid qoyaraq mənbəni açıq şəkildə göstərmişik.
Xarici media resurslarından istifadə edirik. Lakin yenə də hiperkeçidlə, mənbəni açıq şəkildə göstərməklə. Eyni zamanda, olduğu kimi istifadə etdiyimiz mətnləri mütləq dırnaq içində, sitat olaraq verməklə.
Bizim oxucularımız yazdıqlarımızın hansı hissəsinin özümüzə, hansının da haqqında söhbət gedən subyektə və ya obyektə aid olduğunu açıq şəkildə görə bilirlər.
Bundan başqa xəbər və yazılarımızın estetikasına da ciddi diqqət yetirmişik. Qərbin ən inkişaf etmiş, ən peşəkar media qurumlarının söykəndiyi standartlara söykənərək tərəfsiz və balanslı xəbərçiliyə əsla və əsla zidd davranmamışıq.
Bəyan etdiyimiz kimi məişət səviyyəli kriminal xəbərlər vermədik. Bundan sonra da verən deyilik.
Az sayda da olsa Azərbaycandan və Türkiyədən ekspert kontingentimiz formalaşıb. Əlbəttə, bu, bizim son hədəfimiz deyil. Daha geniş coğrafiya – özəlliklə də türk dünyasında cəlb edəcəyimiz potensial ekspert bazamız hələ toxunulmamış qalır.
Beləliklə, aprel ayının sonuclarına söykənərək gəldiyimiz qənaət budur ki, intellektual oxucu öz media resursunu hələ də axtarır. Onların bir qismi artıq bizi tapıb və razıdır. (Bu haqda şəxsən özümüzə də deyənlər var. Özəlliklə də bayraqdar.info-nu ciddi bir media resursu kimi dəyərləndirirlər.)
Biz belə də davam edəcəyik. İddiamız həqiqətən də hay-küydən uzaq, düşünməyi bacaran oxucu auditoriyasıdır. Bilirik, say elə də çox olan deyil. Lakin keyfiyyətin yüksək olacağına heç kim şübhə etməsin. Zatən ötən bir ay keyfiyyətin önəmini bizə növbəti dəfə təsdiq etmiş oldu.
Sonda onu da qeyd edək ki, bayraqdar.info sayğacı hamı üçün əlçatan – açıq şəkildə tutur ki, rəqəmlərimizi arzu edən hər kəs görə bilsin.