Press "Enter" to skip to content

Tahsin Ertuğruloğlu: Bu, KKTC-nin müstəqillik və suverenlik mübarizəsidir – ÖZƏL

Tahsin Ertuğruloğlu

“Rum tərəfi yenə də qəbuledilməz yanaşma sərgiləyərsə, KKTC Ana Vətənimizin dəstəyi ilə tanınma məsələsini gündəmə gətirəcək”

Bayraqdar.info – Xəbər verildiyi kimi 27-29 aprel tarixlərində Cenevrədə 5+BM formatında qeyri-rəsmi toplantı keçirilib.

Kıbrıs adasının gələcəyi baxımından əhəmiyyət daşıyan, Birləşmiş Millətlər Təşkilatının himayəsində və iştirakıyla keçirilən toplantıya Kuzey Kıbrıs Türk Cümhuriyyəti və Kıbrısın rum kəsimi ilə yanaşı Türkiyə, Böyük Britaniya və Yunanıstan təmsilçisi da qatılıb.

Artıq toplantı başa çatıb və BMT-nin Baş katibi bu formatda daha bir toplantının keçirilməsinin vacibliyini bəyan edib.

Bəs, Kuzey Kıbrıs Türk Cümhuriyyəti rəsmiləri bu toplantını necə dəyərləndirir və bundan sonra KKTC üçün yol xəritəsi necə ola bilər?

KKTC-nin Xarici İşlər naziri Tahsin Ertuğruloğlunun bayraqdar.info-ya özəl açıqlamasında bu suallara cavab aldıq:

Bayraqdar.info: Cənab nazir, Cenevrə toplantısını KKTC üçün necə dəyərlərndirərdiniz?

Tahsin Ertuğruloğlu: Cenevrədə 5+BM formatında keçirilən qeyri-rəsmi toplantı 58 illik Kıbrıs probleminin həlli istiqamətində tarixi bir dönüş nöqtəsidir.

Kıbrıs Türk tərəfi olaraq Ana Vətən Türkiyənin də dəstəyi ilə, ortaya qoyduğumuz suveren bərabərliyə əsaslanan iki dövlətli həll təklifi gündəmə gətirilib. Bu, KKTC-nin müstəqillik və suverenlik mübarizəsidir.

Qeyri-rəsmi toplantıda Birləşmiş Millətlər Təşkilatı və Böyük Britaniya Kıbrısdakı tərəflər arasında bir orta yolun tapıla bilinib-bilinməməsi istiqamətində cəhdlər etdilər. Ancaq nəticədə yeni rəsmi müzakirələrin başlanması üçün ortaq mövqe əldə edilmədi.

Bununla yanaşı BMT-nin Baş katibi daha bir neçə ay ərzində bu istiqamətdə cəhdlərin davam etdirilməsini istədi. Biz də Baş katibin bu qərarını dəstəklədik.

Bayraqdar.info: Bundan sonrakı müddətdə KKTC-nin yol xəritəsi necə ola bilər? Yaxın və uzaq vədədə hansı addımların atılması gözlənilir?

Tahsin Ertuğruloğlu: Bu toplantının məqsədi Kıbrısdakı tərəflər arasında, ədalətli və davamlı ola biləcək həll variantı ətrafında yeni rəsmi müzakirələrin başlanması üçün ortaq bir mövqeyin olub-olmadığını müəyyən etmək idi.

Ancaq Kıbrıs Türk xalqının illərdir məruz qaldığı haqsızlığın davam etdiyi müddətdə ortaq mövqenin əldə edilməsi mümükün deyil. Kıbrıs məsələsinin kökündə dayanan status problemidir. Yəni bir tərəfə dövlət, digər tərəfə toplum kimi yanaşıldığı müddətdə problemin həllinə nail olmaq qeyri-mümkündür.

Bu baxımdan xüsusi olaraq vurğulamaq istəyirəm ki, bərabər beynəlxalq status və suveren bərabərlik qırmızı cizgimizdir. Bu mövqeyimiz dəyizməzdir. Yəni əgər bu istiqamətdə ortaq bir zəmin tapılarsa o zaman Kıbrısdakı iki dövlət arasında ədalətli və davamlı müzakirələrə başlamağa hazırıq. Əks təqdirdə isə yolumuza davam edərik.

Kıbrıs türk tərəfi olaraq Cenevrə toplantısına xoş niyyətlə qatıldıq və qəbul edilməsi mümkün olan təkliflər səsləndirdik. Ancaq bəlli oldu ki, rum tərəfi bu günə kimi aparılan müzakirələrin nəticəsiz tamamlanmasına səbəb olan mövqeyini dəyişməyib.

Məlum olduğu kimi BMT Baş katibi 2-3 ay müddətində daha bir qeyri-rəsmi toplantının keçirilməsini təklif edib. Düzdür problemin həllini istədiyimiz üçün bu toplantıya da qatılacağıq. Amma hesab edirik ki, bu qeyri-rəsmi toplantılar da silsilə xarakteri daşımamalıdır.

Kıbrıs rum tərəfinin əməkdaşlığa yönəlik təkliflərimizi müsbət dəyərləndirəcəyi halda regionda sabitlik və inkişafa yardımçı olacaq bir razılaşma əldə edilə bilər. Ancar rum tərəfi yenə də qəbuledilməz yanaşma sərgiləyərsə, KKTC Ana Vətənimizin dəstəyi ilə tanınma məsələsini gündəmə gətirəcək.

Mission News Theme by Compete Themes.