Bayraqdar.info – Qırğızıstan Prezidentinin Ofisindən verilən xəbərə görə, aprelin 30-da Prezident Sadır Caparov Tacikistan Prezidenti Emomali Rahmonla telefon əlaqəsi saxlayıb.
Tərəflər “ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət və mehriban qonşuluq” ruhunda fikir mübadiləsi aparıblar.
Ölkə başçıları iki dövlət arasındakı sərhəddə gərginliyi tezliklə aradan qaldırmaqla bağlı tədbirləri müzakirə ediblər.
S.Caparov vurğulayıb ki, qırğız tərəfi dövlətlərarası məsələləri dialoq yoluyla həll etməyə üstünlük verir.
Qırğızıstan Prezidenti iki ölkə arasındakı münasibətlərin bundan sonra da çoxəsrlik ənənələrə uyğun şəkildə – dostluq şəraitində davam edəcəyinə əminliyini bildirib.
Dövlət başçıları ortaya çıxan problemləri yalnız dinc yolla həll edəcəkləri ilə bağlı razılığa gəliblər.
Xəbərdə o da deyilir ki, münaqişə baş vermiş sərhəd kəsiminin dəqiqləşdirilməsi üçün mayın 1-də hər iki tərəfin ortaq komissiyası görüşəcək.
Əlavə edək ki, bu gün ərzində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev həm Qırğızıstan, həm də Tacikistan prezidentləri ilə sözügedən məsələni telefonla müzakirə etmişdi. Belə anlaşılır ki, tərəflərin bugünkü telefon görüşü də məhz Özbəkistan Prezidentinin təşəbbüsü ilə baş tutub.