Press "Enter" to skip to content

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət sabitləşib

Bayraqdar.info – Qırğızıstan-Tacikistan sərhədinin Batken vilayətindən keçən hissəsində vəziyyət sabitləşib və Prezident Sadır Caparovun nəzarətindədir.

Bu haqda xəbəri aprelin 30-u səhər erkəndən Qırğızıstan Prezidentinin Ofisindən veriblər.

Xəbərdə deyilir ki, hazırda Baş nazirin 1-ci müavini Artyom Novikovun başçılıq etdiyi işçi qrup Batken vilayətindədir. Qrup əraziyə gəldikdən dərhal sonra münaqişənin həlli üçün bir sıra tədbirlər görüb.

“Hər iki dövlətin hökumətləri tərəfindən qurulmuş ortaq komissiya vəziyyəti müzakirə edərək silahlı münaqişəni dayandırmaq haqqında bəyanat imzalayıb. Bəyanata görə hərbi qüvvələr ərazidən uzaqlaşdırılıb. Dövlət sərhədində gərginliyin yaşanmaması üçün tədbirlər görülür”, – deyə bildirilir.

Qırğızıstan Prezidentinin Ofisindən daxil olan açıqlamada o da qeyd edilir ki, sərhəddə baş verən hadisə qırğız xalqının birliyini nümayiş etdirdi: “Xalq bu münaqişənin həllində vətənpərvərlik nümayiş etdirdi. Ötən gün ərzində bir çox vətəndaşlar sərhəd bölgəsinə gedib orada öz yardımlarını göstərmək istədiklərini bildirdilər”.

“Sərhəd bölgəsinə könüllülərin göndərilməsinə ehtiyac yoxdur. Qırğızıstan vətəndaşları bu işi hazırda nümayəndələri sərhəd bölgəsində olan uyğun dövlət qurumlarına etibar etməlidir. Gərginlik ocağı söndürülüb. Danışıqlar yoluyla vəziyyət tənzimlənib. Dövlətin işçi qrupu öz işini davam etdirir. Gərəkli təchizat gecikdirilmədən Batken vilayətinə çatdırılır”, – deyə xəbərdə qeyd edilir.

Xatırladaq ki, aprelin 28-də Tacikistan sərhədçilərinin sərhəddə bir dirəyin üzərinə müşahidə kamerası quraşdırması Qırğızıstanın Kök-Taş kəndinin sakinlərinin ayaqlanmasına səbəb olmuşdu. Bu ayaqlanma nəticədə iki ölkənin sərhəddə yaşayan dinc sakinləri arasında qarşıdurmaya gətirib çıxarmışdı. Nəticədə çoxlu sayda yaralıların olduğu, hətta bir neçə nəfərin öldüyü də deyilir.

Mission News Theme by Compete Themes.