Press "Enter" to skip to content

Qırğızıstan-Tacikistan gərginliyi: nə və niyə baş verir?

Orta Asiyada yeni su davası: Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmanın görünən və görünməyən tərəfləri

Bu həftə Orta Asiyada, daha dəqiq desək Qırğızıstan-Tacikistan sərhədində suya nəzarət üstündə tərəflər arasında yenidən qarşıdurma yaranıb.

Yenidən ona görə ki, son illər tərəflər arasında su üstündə bir neçə dəfə bu cür toqquşmalar olub. Hər dəfə də insan itkisi ilə nəticələnən toqquşmaların dərinliklərinə dair bir qədər sonra.

Hələlik isə bildirək ki, məlumatlara əsasən son münaqişə Qırğızıstanın Batken rayonunun Kök-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün videokameralar quraşdırmasından sonra başlanıb. Tacikistan tərəfi qırğız kəndinin əhalisini daşa tutub, ov tüfənglərindən istifadə edib. Qarşıdurma nəticəsində 1 nəfər ölüb, 46 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qırğızıstan münaqişə zonasından 400-dən çox sakini təhlükəsiz ərazilərə köçürüb.

Aprelin 29-da isə Qırğızıstan ilə Tacikistan arasında atəşkəslə bağlı razılıq əldə edilib. Hər iki ölkənin hərbi qüvvələri əvvəlki mövqelərinə qayıdıb. Bununla bağlı razılaşma Qırğızıstanın və Tacikistanın xarici işlər nazirləri Ruslan Kazakbayev və Sirojiddin Muxiddin arasında aparılan danışıqların nəticəsində əldə edilib.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, su problemi ümumiyyətlə Orta Asiya ölkələrinin ümumi mübahisə mövzusudur. Regionun əsas su resurslarına sahib Amudərya və Sırdərya çaylarının yuxarı hövzəsində yerləşən Qırğızıstan və Tacikistan aşağı hövzədə yerləşən Özbəkistan, Türkmənistan və Qazaxıstanın əkinçilik təsərrüfatlarını nəzərə almadan hidro qurğular tikir.

Beləliklə, əksər ekspertlərin də vurğuladıqları kimi su və enerji problemi, daha dəqiq desək, sərhədyanı su hövzəsindən enerji və kənd təsərrüfatı məqsədləri üçün istifadə zamanı meydana gələn ziddiyyətlər Orta Asiya bölgəsində əsas münaqişə səbəblərindən birini təşkil edir. 1990-cı ilin ortalarından etibarən Tacikistan və Qırğızıstan kimi “dağlıq” ölkələr və onların “düzənlik” qonşusu olan Özbəkistan, Türkmənistan və Qazaxıstan arasında maraq münaqişəsi davamlı formada artmağa başlayıb.

Əslində isə Orta Asiyadakı bu problemin kökü SSRİ-yə qədər gedib çıxır. Tarixi mənbələrdən bəlli olduğu kimi, 1930-cu ildə Özbəkistanın Fərqanə vadisində pambıq istehsalı inkişaf etdiyi üçün SSRİ bu bölgəyə güclü dəstək verib. 1940-cı ildə Qırğızıstanın 660 hektarlıq ərazisi su hövzəsinin yaradılması üçün Özbəkistana verilib. 1972-ci ildə su rezervləri genişləndirilib. Lakin SSRİ dağılandan sonra qırğızlar tarixi torpaqlarını geri istəyiblər. Özbəkistan isə əraziləri qaytarmaq niyyətində deyil. Torpaq Qırğızıstanın, su infrastrukturu isə Özbəkistanındır. Tərəflərin su mübarizəsi bəzən qanlı qarşıdurmalar həddinə çatıb, qarşıdurmanın davam etdiyi müşahidə olunur. 1992-ci ildə Orta Asiya respublikaları arasında su ehtiyatlarının bölüşdürülməsinə dair Almatı razılaşması, həmçinin 1998-ci ildə Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistan arasında Bişkekdə “Sırdərya çayının hövzəsindəki su və enerji mənbələrinin istifadə edilməsi”nə dair razılaşma imzalanıb. Lakin bu iki sənəd də regionda su davalarını dayandıra bilməyib. Və beləliklə də, bu münaqişə günümüzə qədər uzanıb. Əvvəllər bu cür qarşıdurmalarda adətən Özbəkistanın öndə olduğu müşahidə edilirdisə, son illərdə bu münaqişə Qırğızıstan-Tacikistan qarşıdurması şəklində daha çox özünü biruzə verir.

Amma burada bir məqamı da diqqətdən yayındırmaq olmaz. Daha doğrusu bir ehtimalı. Söhbət bəzi xarici güclərin “su münaqişəsi” arxasında öz qaranlıq niyyətlərini reallaşdırmaq istəklərindən gedir. Yəni, böyük ehtimalla son vaxtlar türk birliyinin güclənməsindən, həmçinin Qırğızıstanın da bu istiqamətdə fəallaşmasından bəzi xarici güclər ciddi narahatlıq keçirir. Görünür məhz həmin güclər “su münaqişəsi”ndən yararlanaraq Qırğızıstanın yeni rəhbərliyinin “başını qatmaq” istəyirlər.

Mission News Theme by Compete Themes.