Press "Enter" to skip to content

Özbəkistan Prezidentindən müdrik vasitəçilik davranışı

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, aprelin 28-də Qırğızıstanın Batken vilayəti istiqamətində bu ölkənin Tacikistanla sərhədində ortaya çıxmış qarşıdurma daha bir gün davam edib. Lakin tərəflər danışıqlara gedərək gərginliyi aradan qaldırmaq razılığına gəliblər. Bununla belə, gərginliyə səbəb olan sərhəd anlaşılmazlığı tam həll edilməmiş qalır.

Belə bur durumda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qırğızıstan Prezidenti Sadır Caparovla telefon əlaqəsi saxlayıb, durumla maraqlanıb və anlaşılmazlıqları həll etmək üçün dinc vasitələrlə bağlı təkliflərini verib.

Bu haqda xəbəri Qırğızıstan Prezidentinin Ofisindən veriblər.

Tərəflər Tacikistanla ortaya çıxan anlaşılmazlıqları diplomatik yollarla həll etməyin vacibliyini vurğulayıb. Qırğızıstan Prezidenti Özbəkistanlı həmkarına həssaslığından dolayı təşəkkür edib.

Bu arada Özbəkistan Prezidentinin Mətbuat xidməti Şavkat Mirziyoyevin Tacikistan Prezidenti Emomali Rahmonla da telefon əlaqəsi saxladığı haqqında xəbər yayıb.

Xəbərdə deyilir ki, iki ölkə prezidentləri Tacikistan və Qırğızıstan sərhədində baş verən olayları müzakirə ediblər. Özbəkistan Prezidenti bu cür məsələlərin dinc yollarla həlli vacibliyini bildirib.

Tərəflər ümumiyyətlə ölkələr arasında dinc qonşuluq, qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.

Göründüyü kimi, Özbəkistan Prezidenti bölgənin iki ayrı dövləti arasında yaşanan naxoş olaylarla bağlı müşahidəçi deyil, çözücü davranış sərgiləyir. Bu isə ondan xəbər verir ki, Özbəkistan rəhbəri bir dövlət başçısı olaraq həm də regional məsuliyyətini yetərincə dərk edir.

Onu da əlavə edək ki, Şavkat Mirziyoyev aprelin 29-da qonşu Türkmənistana səfər edib, bu ölkənin Prezidenti Qurbanqulu Berdımuhammedovla geniş müzakirələr aparıb.

Mission News Theme by Compete Themes.