Bayraqdar.info – Gənc Pakistanlı lider, Azərbaycanın dostu Qayser Nəvab Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovla bağlı xoş diləklərini ifadə edib.
Q.Nəvab bayraqdar.info-ya da göndərdiyi diləklərdə bildirib ki, bununla bağlı A.Rəhimova məktub ünvanlayıb.
O, nazirə ünvanladığı məktubda A.Rəhimovun tezliklə sağlamlığına qovuşmasını arzu etdiyini bildirib. Q.Nəvab eyni zamanda Pakistanla Azərbaycanın strateji tərəfdaş və qardaş olduğuna diqqət çəkib.
“Pakistan COVID-19-la mübarizə və azad edilmiş torpaqların bərpasında həmişə Azərbaycanla bir olacaqdır. Eyni zamanda iki ölkə xalqları arasında daha sıx əlaqələrin qurulmasına çalışacağıq”, – deyə o, məktubunda qeyd edib.
Pakistanlı gənc daha sonra qeyd edib: “A.Rəhimovun Azərbaycan gənclərinin inkişafındakı töhfələri diqqətəlayiqdir. Onun xidmətləri yalnız Azərbaycan gəncləri üçün deyil, həm də qlobal gənclər üçün də böyük töhfədir. Onunla Bakıda bir neçə görüşümüzdə Pakistan və Azərbaycan gənclərini bir araya gətirməyə çox böyük maraq göstərmişdi. Biz Pakistan gəncləri olaraq onun sağlamlığı və tezliklə ayağa qalxması üçün dua edirik”, – deyə Q.Nəvab bildirib.
Qeyd edək ki, bir neçə aydır ağır xəstəlikdən müalicə alan nazir A.Rəhimovun dünyasını dəyişməsi haqqında şayiələr yayılıb. Lakin Nazirliyin mətbuat üzrə məsulu Səmayə Məmmədova deyilənlərin yalan olduğunu bildirib. O, mediaya verdiyi açıqlamada nazirin səhhətinin ağır olaraq qaldığını, müalicəsini davam etdirdiyini deyib.