Press "Enter" to skip to content

Evlərə fiber-optik internet, üstəlik də pulsuz modem

Bayraqdar.info – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (BakTeleCom) paytaxtın Xəzər rayonunda yerləşən Binə qəsəbəsi, Südçülük massivində 5 min nömrə tutumlu yeni optik şəbəkəsini istifadəyə verib.

Bu məlumat aprelin 30-da NRYTN-dən verilib.

Xəbərdə deyilir ki, sözügedən ərazidə artıq 5 yüzdən çox ailə telefon, internet və televiziya xidmətləri ilə təmin olunub. Bu xidmətlərin dəstəklənməsi üçün istifadəçilərə ödənişsiz modemlər təqdim edilib.

“Əlavə olaraq qəsəbənin Atçılıq massivində də “Evədək optika” layihəsi icra olunur. Müasir standartlara cavab verən fiber-optik xətlərin çəkilişi yekunlaşdıqdan sonra sakinlərin telekommunikasiya xidmətlərinə qoşulması təmin ediləcək”, – deyə açıqlamada bildirilir.

Xəbərdə deyilir ki, “BakTeleCom” Binə qəsəbəsində 2022-ci ilin ortalarınadək 10 min nömrə tutumlu optik şəbəkənin tikintisini planlaşdırır. Ərazidə rabitə xidmətlərinə mövcud tələbatın tam şəkildə aradan qaldırılması nəzərdə tutulub.

“Qeyd edək ki, “Evədək optika” layihəsi ilə Bakı və ətraf ərazilərdə 230 min istifadəçi tutumlu optik şəbəkə yaradılıb. Artıq bu şəbəkə üzərindən 130 min mənzil optik xidmətlərə qoşulub.

Sözügedən şəbəkə ən müasir internet bağlantısı olan GPON (Gigabyte Passive Optical Network) texnologiyası əsasında qurulur. Bu texnologiya telefon, internet və televiziya xidmətlərini bir xətt üzərindən təqdim etməyə imkan yaradır”, – xəbərdə deyilir.

Mission News Theme by Compete Themes.