Son yeniləmə: 30 Aprel 2021 13:15
Boynuma alıram ki, cazı çox sevirəm. Caz musiqisini dinləyəndə əsəblərim sakitləşir və tamam başqa dünyaya düşürəm. Cazı hər kəs sevməz, onu yalnız caz ruhunu duyanlar sevər.
Aprelin 30-u Beynəlxalq Caz Musiqisi Günüdür. Cazın günündə, cazçılar bayramında cazın tarixinə nəzər salmaq istədim və həm də bu haqda oxuculara məlumat verməyi qərara aldım.
Caz necə yaranıb?
19-cu əsrin sonlarında ABŞ-ın Missuri Ştatının barlarında yeni üslubda yaranan musiqi səslənməyə başlayır. Avropa musiqi ənənələrini – Şopen və List yaradıcılığını, marş, polka kimi məişət janrlarını zənci musiqisi ilə birləşdirən bu yeni üslub reqtaym adlanır və qısa zamanda tez yayılır.
Cazın əsl yaranma yeri isə Nyu Orlean şəhəri olur. Qeyd edim ki, bu şəhərdə reqtaym, ispan, fransız, kantri-musiqi və bluz musiqiləri də yaranıb.
Cazı adətən qaradərili musiqiçilərdən ibarət ansambl ifa edərdi. Getdikcə, bu ansambllar ağdərililər arasında da yaranmağa başladı.
Məşhur cazmenlərdən klarnet çalan Benni Gudmən, pianoçu və bəstəkar Duk Ellington, trombonçalan Gler Miller 20-ci əsrin 30-cu illərinin ən məşhur cazmenləridir.
Məşhur caz banisi Dizzi Glepsi caza Kuba ritmlərini də əlavə edib. Beləliklə, təkmilləşə-təkmilləşə davam edən caz maraqlı inkişaf yolu keçib.
Məşhur saksafonçu Con Koltreyn və Ornett Kolmann fri-cazın (sərbəst caz) yaradıcılarıdır.
Caz-rokun ən virtouz gitara ifaçısı Con Maklafli 80-ci illərdə çox məşhur idi. Onun həmin illərin əvvəlində yaratdığı məşhur “Mahavishnu Orchestra» kollektivi caz, rok, blüz, eləcə də hind musiqisi ənənələrini orijinal tərzdə birləşdirmişdi. 1974-cü ildə London Simfonik Orkestri ilə birgə hazırladığı məşhur “Apocalypse” albomu buna gözəl nümunədir.
Pianoçu Çik Koria və onun “Return to Forever” qrupu caz-rok üslubunu Braziliya musiqisinin ecazkar ritmləri ilə zənginləşdirib.
Daha bir qrup – “Weather Report” isə caz-rokun inkişafına nəzərəçarpacaq təsir göstərib. Bu qrupların albomları caz musiqisinin qızıl fonduna daxildir.
Bill Kobhem (baraban), Yan Hammer (klavişli alətlər), Yan-Lyukl Lonti (srkipka), Jako Pastorius, Con Patituçi (bas gitara) və digərləri caz-rokun görkəmli təmsilçiləridir.
2012-ci ildə UNESCO tərəfindən elan edilmiş bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir.
Bu gün münasibətilə dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər cazın vətəni hesab edilən Nyu Orleanın Kongo meydanında xüsusi konsert proqramı ilə davam etdirilir.
Bir neçə kəlmə də Azərbaycan cazı barədə…
Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi ötən əsrin 30-cu illərinin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub.
Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayır.
Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtouz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir.
Qeyd: Yazı açıq mənbələrə istinadla hazırlanıb.