Son yeniləmə: 30 Aprel 2021 14:29
Bayraqdar.info – Aprelin 30-da Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya filmi layihələri müsabiqəsinin sonuncu – pitçinq (layihələrin müəlliflər tərəfindən təqdimatı) mərhələsi keçirilib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilir ki, Dövlət Film Fondunda keçirilən tədbirdə kinorejissor, Xalq artisti Vaqif Mustafayevin rəhbərlik etdiyi münsiflər heyəti təqdimatları izləyib, müəllifləri dinləyib.
Layihələrin təqdimatı Dövlət Film Fondunun rəsmi youtube kanalında canlı yayımda nümayiş etdirilib.
“Qeyd edək ki, pitçinqdə müsabiqənin bədii seçim mərhələsindən keçmiş 26 layihə (12 bədii, 8 sənədli, 6 animasiya filmi layihələri) təqdim olunub. Onlardan 19-u müstəqil prodüser mərkəzləri, 6-sı dövlət studiyaları, 1-i isə televiziya kanalı tərəfindən təqdim edilmişdi.
Pitçinqin nəticələri – aprelin 30-da Mədəniyyət Nazirliyinin internet saytında, eləcə də “Mədəniyyət” qəzetinin saytında elan ediləcək. Seçimlərdə 5 bədii, 4 sənədli, 1 animasiya filminin seçilməsi nəzərdə tutulur”, – deyə xəbərdə qeyd edilir.
Açıqlamada o da bildirilir ki, qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.
“Müsabiqə kinematoqrafiya sahəsində yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, Vətən müharibəsindəki zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə təşkil olunub”, – deyə məlumatda bildirilir.