Press "Enter" to skip to content

Azərbaycan-Litva əməkdaşlığının inkişafı qarşılıqlı maraqlara xidmət edir

Bayraqdar.info – Məlum olduğu kimi Azərbaycan öz xarici siyasətində beynəlxalq təşkilatlarla, o cümlədən dövlətlərlə bərabərhüquqlu və milli maraqlara əsaslanan əməkdaşlığa üstünlük verir.

Ölkəmiz 44 günlük Vətən müharibəsindən öncə olduğu kimi, postmüharibə dövründə də bu istiqamətdə davamlı addımlar atır.

Bu konteksdə Litva ilə əlaqələr istər iki dövlət arasında, istərsə də Azərbaycan Respublikası-Avropa İttifaqı əməkdaşlığı baxımından önəm kəsb edir.

Xatırladaq ki, ölkəmizdə işgüzar səfərdə olan Litva Respublikasının Xarici İşlər naziri Gabrielius Landsbergis ilə görüşlərdə də bu məqama xüsusi olaraq toxunulub.

Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Litva Respublikasının Xarici İşlər naziri Gabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyətinin qəbulu zamanı həm Azərbaycan-Litva ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələləri, həm də Azərbaycan Respublikası-Avropa İttifaqı əməkdaşlığı məsələləri müzakirə edilib, ölkəmizlə Aİ arasında yeni saziş layihəsi üzrə danışıqların tezliklə yekunlaşacağına ümid ifadə olunub.

Elə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovla Litvalı qonaq arasında keçirilən görüşdə də bu məqamlar əsas müzakirə mövzusu olub. Nazirlər arasında görüşdə Ceyhun Bayramov Azərbaycan ilə Litva arasında mövcud olan siyasi dialoqun yüksək qiymətləndirildiyini və bunun davam etdirilməsinin əhəmiyyətini bildirib.

İkitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etməkdə olduğu və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğu vurğulanıb.

Nazir Gabrielius Landsbergis Azərbaycan Respublikasının Prezidenti ilə keçirilən səmimi müzakirələri məmnunluqla qeyd edib. “Şərq tərəfdaşlığı” bölgəsinin Litva üçün strateji prioritet kəsb etdiyi və bu xüsusda dost ölkələr, o cümlədən Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının əhəmiyyəti vurğulanıb. Cari ildə diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunduğunu xatırladan nazir Gabrielius Landsbergis əlaqələrin gələcək inkişaf yolunun planlaşdırılmasının önəmini ifadə edib.

Onu da qeyd edək ki, Litva ilə ölkəmiz arasındakı əməkdaşlığı daha da güclü edən amillərdən biri də türk amilidr. Litvalı nazirlə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilən görüşdə Fondun prezidenti Günay Əfəndiyevanın vurğuladığı kimi Litvada yaşayan türk azlıqlar – tatar və karaimlər türk dünyasının ayrılmaz parçasıdır. Elə 2021-ci ilin “Litva tatarlarının tarixi və mədəniyyəti ili” elan edilməsi də bu baxımdan önəm kəsb edir. Yəni sözügedən görüşdə də vurğulandığı kimi bu, Litvanın öz ərazisində yaşayan azsaylı xalqlara olan münasibətinin təzahürüdür.

Ən əsası Gabrielius Landsbergisin ölkəmizə bu dəfəki səfəri həm də 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarının işğalı və postmüharibə dövründə yaranmış vəziyyətlə bağlı mövqeyimizin bir daha Avropa İttifaqının üzvü olan Litva tərəfinə çatdırlması baxımından önəmlidir.

Məsələn, Xarici İşlərt Nazirliyində keçirilən görüşdə nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatın həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, bölgədə sülh və təhlükəsizliyə təhdid törədən davranışları və digər məsələlər barədə məlumat verib.

C.Bayramov, habelə bəzi Avropa ölkələri və beynəlxalq institutlar tərəfindən nümayiş etdirilən ikili yanaşmanın qəbuledilməz olduğunu bildirib və sonuncular tərəfindən Ermənistanda yanlış illüziyalar yaradacaq bəyanatların verilməsi, davranışın sərgilənməsinin bölgədə barışıq və sülh şəraitində birgə yaşayışa xidmət etmədiyini vurğulayıb.

Bütün bu sadalananlar fonunda qeyd etmək yerinə düşər ki, Azərbaycan-Litva əməkdaşlığının inkişafı hər iki tərəfin maraqlarına xidmət edir.

Mission News Theme by Compete Themes.