Son yeniləmə: 30 Aprel 2021 20:30
Bayraqdar.info – 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığa dair imzalanan Saziş əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə şərait yaradıb.
Son illərdə icra olunmuş “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək“ Tvinninq layihəsinin icrasında da Litva əsas tərəfdaşlardan biri olub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidməti arasında Fəaliyyət Planının imzalanması zamanı bildirilib.
Nazirlikdən bayraqdar.info-ya verilən məlumata əsasən “Fəaliyyət Planı”nı Dövlət Məşğulluq Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Litva Respublikası Məşğulluq Xidmətinin direktoru İnga Balnanosiyene imzalayıblar.
Qeyd olunub ki, imzalanan Fəaliyyət Planına əsasən həssas qrupdan olan vətəndaşların məşğulluğunun dəstəklənməsi, gənclərin əmək bazarına çıxış imkanlarının artırılması, peşə hazırlığı və digər aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində əməkdaşlıq həyata keçiriləcək. Eyni zamanda, təcrübə mübadilələri aparılacaq.