Press "Enter" to skip to content

Ahıska türkləri heyəti Baş nazirin müavini ilə görüşüb

Bayraqdar.info – Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Azərbaycanda səfərdə olan heyəti başda qurumun rəhbəri Ziyatdin Kassanov olmaqla aprelin 29-da Azərbaycan Baş nazirinin müavini Əli Əhmədovla görüşüb.

Bu haqda xəbəri DATÜB-dən veriblər.

Ə.Əhmədov görüşdən məmnunluğunu dilə gətirməklə bərabər DATÜB başqanı Z.Kassanovun Azərbaycanla bağlı çalışmalarını yaxından izlədiyini deyib.

Ə.Əhmədov söhbət əsnasında 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Vətən torpaqlarının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilməsindən də danışıb. O, bəzi dövlətlərin Azərbaycanın bu uğuruna qarşı olduğunu, Ermənistana dəstək verdiyini də qeyd edib.

Ə.Əhmədov Ermənistana dəstək verən dövlətlərin güclü Azərbaycan, güclü Türkiyə istəmədiklərini deyib.

Baş nazirin müavini ermənilərin işğal altında tutduğu Qarabağı büsbütün dağıtması haqqında da danışıb. O, bu vandalizm azmış kimi Ermənistanın mina xəritələrini verməkdən imtina etdiyini də deyib.

Ə.Əhmədov Qarabağın tam olaraq bərpa edilməsi üçün işlərin görüldüyünü, zamanla bu məsələnin tam həll ediləcəyini də sözlərinə əlavə edib.

DATÜB başqanı da öz növbəsində savaş günlərində Azərbaycanı ziyarət etdiyini deyib. O, həmin ziyarəti sırasında ehtiyac sahiblərinə dəstək olduğunu bildirib.

İndiki səfərinə də toxunan Z.Kassanov şəhid ailələri və qazilərlə görüşüb onlara maddi-mənəvi dəstək olma istəyindən danışıb.

Qarabağ zəfərinə gəlincə, Z.Kassanov bunu türklərin 200 ildir həsrətində olduğu bir zəfər kimi dəyərləndirib. O, belə bir zəfərin Prezident, Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan ordusunun qətiyyəti sayəsində mümkün olduğunu da sözlərinə əlavə edib.

Görüşdə DATÜB baş katibi Fuat Uçar, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, DATÜB Azərbaycan təmsilçisi Məmməd Şamilov və DATÜB basın sorumlusu Mevlüt Işık da iştırak edib.

Mission News Theme by Compete Themes.