Bayraqdar.info – 30 aprel tarixi Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı terror hadisəsi ilə yadda qalıb.
2009-cu il aprelin 30-da səhər saatlarında bir nəfər silahlı şəxs Akademiyanın binasına daxil olaraq tələbə və müəllimlərə “Makarov” tipli tapançadan atəş açmağa başlayıb. Hadisə nəticəsində 13 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Yaralıların 3-ü xarici vətəndaş olub. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşı olub.
İstintaqla terroru törədən şəxsin Gürcüstan vətəndaşı, Marneuli rayon sakini, 1980-ci il təvəllüdlü Fərda Əsəd oğlu Qədirov olduğu müəyyən edilib.
Hadisəni törədən şəxs sonda özü-özünü güllələyib. Baş verən bu qanlı terror hadisəsi beynəlxalq aləmdə də böyük səs-küy doğurub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb.
Baş verən terrorla əlaqədar 4 nəfər həbs edilib və 2010-cu il aprelin 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hokmü ilə – Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov adlı şəxslər ömürlük həbs cəzasına məhkum ediliblər.
Ariz Qabulov adlı şəxs isə 11 il müddətinə azadlıqdan məhrum olunub.
Onların hamısı Gürcüstandan olan azərbaycanlılardır və terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli biliniblər.
İstintaqın məlumatına görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyan adlı şəxs olub. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.
Prezident İlham Əliyevin göstərişi ilə baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə Prezidentin Ehtiyat Fondundan 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat maddi yardım ayrılıb.
Qeyd: Yazı açıq mənbələrə istinadla hazırlanıb