Press "Enter" to skip to content

Ukrayna Prezidenti Qərb ölkələrindən narazılıq ifadə etdi…

Bayraqdar.info – Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın La Repubblica qəzetinə verdiyi müsahibədə əsasən Donbasda sülhün bərqərar olması üçün görülən işlərdən danışıb. O, problemin kökündən həll edilməsi üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqələrin bərpa edilməsi vacibliyini bildirib.

V.Zelenski deyib ki, uzun müddətdir iki ölkə prezidentləri arasında birbaşa əlaqələr yoxdur. “Ona görə də öz Administrasiyama tapşırmışam ki, Rusiya Prezidentinin Administrasiyasıyla birbaşa əlaqələri bərpa etsin”, – deyə o, bildirib.

Jurnalistin V.Putinlə təkbətək görüş və onun yeriylə bağlı sualına cavab olaraq V.Zelenski deyib ki, bunu arzu edir və yerə gəlincə, Vatikan ən yaxşı yer olardı: “Vatikan sülh danışıqları üçün həqiqətən də ideal bir yerdir”.

Ukrayna Prezidenti sözünə davam edərək Roma Papasını peyğəmbər adlandırıb: “Papa öz işinə görə sülh peyğəmbəridir”.

Avropa və bütövlükdə Qərbin Ukraynanın işğal edilmiş torpaqlarıyla bağlı fəaliyyətinə də toxunan V.Zelenski təqdirlərini dilə gətirməklə yanaşı yumşaq tənqiddən də çəkinməyib. O, qeyd edib ki, münaqişənin getdiyi 8 il ərzində Avropadakı yeganə müharibənin sona çatdırıla bilməməsi heç də yaxşı görsəniş deyil: “Gəlin açıq danışaq. …Əgər hələ də sülh yoxdursa, əgər Avropadakı yeganə savaş bitmirsə, deməli biz daha çox çalışmalıyıq. Bu, olduqca vacibdir. Özəlliklə də AvroAtlantik təhlükəsizlik baxımından”.

Mission News Theme by Compete Themes.