Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov aprelin 29-da hökumət üzvləri ilə Qırğızıstan-Tacikistan sərhədinin Batken vilayəti istiqamətindəki durumla bağlı əməliyyat müşavirəsi keçirib.
Xəbər Prezidentin Ofisindən daxil olub.
Müşavirədə güc strukturlarının və uyğun dövlət qurumlarının rəhbərləri vəziyyətlə bağlı məruzə edib.
Müşavirənin sonucu olaraq Baş nazirin 1-ci müavini Artyom Novikovun başçılığı ilə vəziyyəti tənzimləmək üçün işçi qrup təşkil edilib.
Xarici İşlər Nazirliyinə isə tapşırılıb ki, vəziyyəti dinc yolla həll etmək üçün diplomatik kanallarla işi davam etdirsin.
Qeyd edək ki, aprelin 28-də Qırğızıstan-Tacikistan sərhədinin Batken vilayəti, Kök-Taş kəndi istiqamətində sərhəd kəndlərinin sakinləri arasında qarşıdurma yaşanıb. Bölgədən verilən xəbərlərə görə, ən azı 2 qırğız başından aldığı yaralarla xəstəxanaya yerləşdirilib. Münaqişənin səbəbi kimi tacik sərhədçilərinin dirək üzərinə müşahidə kamerası quraşdırması göstərilir.
Bundan qəzəblənən Qırğızıstan sakinləri kamera quraşdırılmış dirəyi kəsiblər. Hər iki tərəfdən münaqişə yerinə 100-dən çox adam toplaşıb. Söz atışmaları qarşılıqlı daşlamaya keçib. Bunun nəticəsində taciklərdən 15 nəfər xəsarət alıb.
Batken Vilayəti Daxili İşlər İdarəsindən mediaya verilən xəbərə görə, aprelin 29-u, yerli vaxtla səhər saat 05.45-də odlu silahlardan atəş səslərilə münaqişə yenidən qızışıb. Tacikistan tərəfdən Kök-Taş kəndində yerləşən Qırğızıstan hərbi hissəsi atəşə tutulub. Bundan 1 saat öncə isə Ak-Say aulu tərəfdə də odlu silahdan atəş açilması müşahidə edilib.
Kök-Taş kəndinin əhalisinin köçürülməyə başlanıldığı da gələn xəbərlər arasındadır.
Xatırladaq ki, Qırğızsıtanın Tacikistanla sərhədinin uzunluğu 970 km-dir. Onun cəmi 519 km-i qarşılıqlı şəkildə razılaşdırılıb. Yerdə qalan hissədə isə mübahisəli durum var və bu da vaxt-vaxtdan hər iki tərəfdən sakinlərin iştirakıyla qarşıdurmalara, hətta ölümlərə səbəb olur.
Bənzər vəziyyət Qırğızıstan-Özbəkistan sərhədində də müşahidə edilirdi. Lakin bu yaxınlarda tərəflərin qarşılıqlı güzəştləri nəticəsində problem həllini tapdı.
[…] ki, aprelin 28-də Tacikistan sərhədçilərinin sərhəddə bir dirəyin üzərinə müşahidə kamerası quraşdırması Qırğızıstanın Kök-Taş kəndinin sakinlərinin ayaqlanma…. Bu ayaqlanma nəticədə iki ölkənin sərhəddə yaşayan dinc sakinləri arasında […]