Press "Enter" to skip to content

Musiqili Teatrın İnklüziv studiyası ilk məşqlərə başlayıb

Son yeniləmə: 29 Aprel 2021 13:53

Bayraqdar.info – Aprelin 28-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında UNESCO tərəfindən təsdiq edilən “İnklüziv teatr” layihəsinin üzvləri ilə məşqlərə başlanıb. Eşitmə və danışma məhdudiyyətli uşaq və gənclərin iştirakı ilə həyata keçirilən bu layihənin məşqlərinə simvolik olaraq işarət dili ilə səssiz alqışlarla başlanılıb.

Məlumat bayraqdar.info-ya Dövlət Akademik Musiqili Teatrının Mətbuat Xidmətindən verilib.

Xəbərdə deyilir ki, layihənin rəhbəri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev “İnklüziv teatr” barəsində toplaşanlara bir daha ətraflı məlumat verərək, layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür bildirib. Teatrın yaradıcılıq studiyasının bədii rəhbəri, görkəmli teatr və kino aktrisası, Xalq artisti Şəfiqə Məmmədova bu studiyanın tərkibində fəaliyyət göstərəcək qrupun iştirakçılarına uğurlar arzulayıb, öz tövsiyələrini verib.

Teatrdan bildirilib ki, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova və Nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin məsləhətçisi Araz Bağırlı layihə haqqında fikirlərini bildiriblər.

Qeyd edək ki, layihənin baş prodüseri, teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovdur.

“Fiziki məhdudiyyətli şəxslərin səhnəyə hazırlanmasında tanınmış aktyor, Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov çalışacaqlar. Layihədə işarət dilindən xüsusi təlim almış Akademik Musiqili Teatrının könüllüləri də iştirak edəcəklər. Teatrın əməkdaşı Aludə Şəkərovanın rəhbərliyi ilə könüllü gənclər layihə boyunca “İnkliziv teatr”ın üzvlərinin teatra daha doğma tellərlə bağlı olmalarına kömək edəcəklər”, – deyə açıqlamada bildirilir.

Teatrın “Yaradıcılıq studiyası”nın tərkibində fəaliyyətə başlayan “İnklüziv teatr” layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə və həftənin 2 günü isə teatrda, çox kiçik heyətdə, pandemiyanın tələb etdiyi qaydalara ciddi əməl olunmaqla aparılır.

Mission News Theme by Compete Themes.