Press "Enter" to skip to content

Müsəlmanlardan səs çıxmazkən yenə də yəhudilər…

Bayraqdar.info – ABŞ-da fəaliyyət göstərən İctimai İşlər üçün Yəhudi Şurası adlı təşkilat Çinin müsəlman uyğur azlığına qarşı tətbiq etdiyi soyqırıma etiraz etmək qərarına gəlib.

1917-ci ildən fəaliyyət göstərən Yəhudi Teleqraf Agentliyinin aprelin 28-də yaydığı xəbərdə bu haqda deyilir.

“Yəhudi icması öz sərhədləri içində uyğurların istismarına və onlara qarşı soyqırıma, eləcə də digər etnik və dini azlıqlara basqılara son verilməsi üçün Çin Kommunist Partiyasına çağırış etməlidir”, – deyə Şuradan bildiriblər.

Şura bu yöndə qətnaməni iki gün davam edən illik toplantısında qəbul edib.

Şura, yəhudi icmalarının təmsilçisi kimi “soyqırıma qarşı birgə mübarizə aparmaq üçün” digər icmaların da işbirliyini zəruri sayıb.

Qeyd edək ki, 1949-cu ildə növbəti dəfə Çinin işğalına və ilhaqına məruz qalan Doğu Türküstanda ən azı 20 milyon uyğur yaşayır. İllərdir qırmızı Çin onları əridib yox etmək üçün hər cür açıq zorakılıqlar tətbiq edir.

Hazırda uyğur qadınların uşaq doğmasının qarşısını almaq üçün insanlıq dışı yöntəmlər tətbiq edilir. Eyni zamanda 3 milyona yaxın uyğurun xüsusi düşərgələrdə tutulduğu bildirilir.

Bu tikanlı məftillərin arxasındakı düşərgədə uyğurlar saxlanılır. Rəsmi Çin onlara peşə təlimi keçildiyini iddia edir. Bəs niyə tikanlı məftil və çox ciddi nəzarət altında?..

Əlavə olaraq uyğur gənclərinin ölkənin uzaq nöqtələrinə işçi adı altında aparılıb yox edildiyi bildirilir. Bunun əvəzində isə evində kişi olmayan uyğur ailələrinə ölkənin başqa yerlərindən xan çinliləri gətirib yerləşdirirlər.

Məscidlər dağıdılır, yaxud da başqa məkanlara çevrilir. Hətta bəzi məscidlərdən ticarət mərkəzi və ya rəqs zalı kimi istifadə edilir.

Gələn məlumatlara görə, Doğu Türküstandakı məscidlərin ən azı 70 faizi ya dağıdılıb, ya da başqa məqsədlər üçün istifadə edilir.

Yerdə qalan 30 faiz məsciddə müsəlmanlar “Çin üsulu islam”la məşğul olurlar. Bu isə məsciddə Çin Kommunist Partiyasının təbliğatı deməkdir. Bəllidir ki, kommunistlər də bütün dinlərə qarşı olmaqla ateizmə qulluq edirlər.

Bütün bu dəhşətlər baş verməkdəykən dünya müsəlmanlarından uyğurlara ciddi dəstək müşahidə edilmir.

Özəlliklə də islamın qoruyucusu olduğunu iddia edən Səudiyyə Ərəbistanı, İran kimi dövlətlər və onların əhalisi ümumiyyətlə bu məsələlərə reaksiya vermir, üstəlik Çinlə ən yaxşı münasibətlər qururlar.

Yəhudilərlə bərabər yaponlar da uyğurların insan hüquqlarına çox həssas yanaşır. Elə bugünlərdə Yaponiyada uyğurların insan hüquqlarının qlobal səviyyədə qorunması üçün 50 min imza toplanaraq ölkə parlamentinə təqdim edilib.

Mission News Theme by Compete Themes.