Bayraqdar.info – Aprelin 29-da Prezident İlham Əliyev “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncam imzalayıb.
Xəbəri Prezident Administrasiyasının Mətbuat Xidməti yayıb.
Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 min 500 manat məbləğində pul vəsaiti veriləcək. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmçinin, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 750 manat birdəfəlik yardım ediləcək. Eyni zamanda, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində tapşırıqlar yerinə yetirmiş işçilərə də 750 manat həcmində birdəfəlik yarımların verilməsi sərəncamda öz əksini tapıb.
Sərəncamda o da deyilir ki, İkinci Dünya müharibəsində Leninqrad şəhərinin müdafiəsinə görə medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqradın mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Xəbərdə bildirilir ki, bununla əlaqədar, prezidentin 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 4,8 milyon manat vəsait ayrılacaq.
“Maliyyə Nazirliyi həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini, ƏƏSMN isə birdəfəlik maddi yardımın bu sərəncamda nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etməlidir”, – deyə sərəncamda göstərilir.