Bayraqdar.info – “Bir ildən artıqdır ki, dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə aparılır. Bu müddət ərzində onun geniş yayılmaması üçün bir çox ölkələrdə, o cümlədən Azərbaycanda davamlı tədbirlər görülüb. Ümumiyyətlə COVID-19 bəlası dünyanın kabusuna çevrilməyə başladığı ilk günlərdən Azərbaycanda qabaqlayıcı tədbirlər diqqət mərkəzində olub.”
Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin deputatı, tibb mütəxəssisi İlham Məmmədov deyib. Deputat bildirib ki, Azərbaycan dövləti ötən müddət ərzində vəziyyəti tam nəzarətə götürdü: “Ölkəmizdə infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparıldı, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla gerçəkləşdirildi. Bütün bunlarla bərabər, postpandemiya dövrü ilə bağlı da önəmli qərarlar qəbul edildi. Eyni zamanda Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə başlayan ölkə də Azərbaycan oldu. Müqayisə üçün deyə bilərik ki, bu gün dünyada elə dövlətlər var ki, hələ də vaksin ala bilməyiblər. Lakin Azərbaycan Avropa İttifaqından 1 ay sonra vaksinasiya işlərinə başladı. Bu, bir daha dövlətin vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi yüksək önəmi nümayiş etdirir”.
Deputat qeyd edib ki, lakin son günlər bəzi ölkələrdə, xüsusilə də qonşularımızda virusa yoluxanların sayının artması bizim də diqqətli olmağımızı tələb edir: “Son vaxtlar dünya miqyasında, o cümlədən qonşularımızda bu virusa yolxanların sayında ciddi artımın qeydə alınması ayrı-ayrı ölkələri yenidən sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qoyub. Məsələn, Türkiyədə aprelin 29-u saat 19:00-dan mayın 17-si saat 05:00-dək bütün ölkə boyu “tam qapanma” rejimi tətbiq olunacaq. Təlimata əsasən, bu müddət ərzində “Evdə qal!” məhdudiyyəti fasiləsiz qüvvədə olacaq. Qonşu Gürcüstanda da koronavirusa qarşı mübarizə tədbirləri gücləndirlir. Belə ki, Gürcüstanda Pasxa bayramı ilə əlaqədar bır sıra məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib. Həmçinin İranda da vəziyyət ürəkaçan deyil”.
“Göründüyü kimi qonşu ölkələrdə son vaxtlar baş verənlər də bir daha təsdiqləyir ki, qətiyyən arxayınlaşmamalı, ehtiyatlı olmalıyıq. Yəni, dövlətin gördüyü işlərlə yanaşı hər bir vətəndaş da bu məsələdə fəal olmalıdır. Yoluxma sayının artmaması üçün tibbi maska istifadə etmək, sosial məsafəni gözləmək, vaksinasiyada yaxından iştirak etmək, gigiyena qaydalarına əməl etmək vacibdir. Bu vaxta kimi digər məsələlərdə də olduğu kimi, COVID-19-a qarşı mübarizədə də həmrəylik nümayiş etdirməliyik”, – deyə deputat sonda əlavə edib.