Son yeniləmə: 29 Aprel 2021 18:24
Bayraqdar.info – Bir ayağını və bir gözünü II Qarabağ savaşında itirmiş Qarabağ qazisi Ömər Ələkbərov 34 günlük əsirlik həyatını bayraqdar.info-ya danışdı.
II Qarabağ müharibəsinin iştikarçısı Ömər Teymur oğlu Ələkbərovla “Hərbi Qənimətlər Park”ında rastlaşdım. Qoltuğundakı çəliklə, ətrafındakı döyüş yoldaşları ilə birlikdə ermənilərdən ələ keçirilmiş qənimətlərlə tanış olurdu. Onunla söhbətimiz də elə Parkın ərazisində baş tutdu.
Ömər 1985-ci ildə Gəncədə anadan olub. 2014-cü ilin aprel ayında hərbi xidmətə gedib, müddətdən artıq xidmət edib. 2019-cu ildə gizir rütbəsi alıb. Özü deyir ki, göstərdiyi xidmətlərinə görə, kurslara getmədən yerindəcə gizir rütbəsi alıb. Hərbi hissədə yeməkxana rəisi kimi çalışıb. Təəssüflə “yeməkxana rəisi olduğum üçün sentyabr ayında döyüşlərə qatıla bilmədim” – deyir.
Füzuli istiqamətindən döyüşlərə başlayıb və Xocavəndə kimi döyüş yolu keçib. Noyabrın 9-da ayağından və gözündən ağır yaralanıb.
Yaralı Öməri 2 gün sonra ermənilər huşsuz vəziyyətdə tapıb əsir götürüblər: “Ayılan kimi əlimi atdım ki, üstümdə olan qumbaranı götürüb özümü və erməniləri partladım, amma huşsuz vəziyyətdə olduğum zaman onlar qumbaramı götürmüşdülər”, – deyir.
Qəhrəmanımız danışır ki, yaralanana qədər iki dəfə döyüşə-döyüşə ermənilərin arxasına keçə bilib. Hətta onların “Ural” markalı təzə avtomobillərini ələ keçirərək Azərbaycan tərəfə gətirib. Avtomobillərdən biri silah-sursatla dolu olub. Ermənilərin mühasirəsindən dörd dəfə bizim əsgərləri sağ çıxardığını deyir.
“Biz kəşfiyyatçı deyildik, əməliyyatçı idik. Biz əraziyə girməzdən əvvəl yeri müəyyən edirdik, biz həmlə taboru idik. Ən yarılmayan, ən qatı mövqeləri biz yarırdıq”, – deyir və gözü yol çəkir. Döyüş yoldaşlarını, yanında şəhid olmuş igid döyüşçüləri xatırlayır…
“Onlar məni əsir götürəndə də kim olduğumu bilmirdilər. Adımı bilirdilər, amma vəsiqəmdə yeməkxana rəisi yazılmışdı deyə son günə qədər mənim gizir olduğumu bilmədilər. Bilsəydilər sağ qalmazdım”, – deyərək o ağır işgəncə dolu günlərdən söz açır.
Ömər 34 gün erməni əsirliyində müxtəlif işgəncələrə məruz qalıb. Erməni bayrağını gətiriblər ki, bunu öp. O, qətiyyətlə bundan imtina edib.
Ömər: Ermənilər 3 dəfə başıma tapança və 2 dəfə boğazıma bıçaq dirədilıər ki, onların bayrağını öpüm. Bayrağa tüpürdüm, dedim ki, qeyrətiniz varsa, məni öldürün, amma mən bayrağı öpməyəcəm! Mənim əllərimi çarpayıya sağ və sol tərəfdən qandalla bağlamışdılar.
34 günlük əsirlikdən sonra 2020-ci il dekabrın 14-də Ömər və digər 14 nəfər Azərbaycana qaytarılıb.
Hərbi Qənimətlər Parkının ona şəhidlərimizi xatırlatdığını bildirir. “Bura mənə şəhidlərimizi xatırladır. Amma şəhidsiz də Vətən Vətən olmur. Torpaq suyla qarışanda palçıq, qanla qarışanda Vətən olur deyirlər. Fəxr edirəm ki, mənim də bu torpağa qanım tökülüb. Ayaq itkisi, göz itkisi mənimçün kiçik məsələlərdir”, – deyir.
Harada müalicə aldığını soruşuram. Vətənə qaytarılan Ömər gələn gündən Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalında, daha sonra isə Müdafiə Nazirliyinin Hərbi Hospitalında müalicə alıb və hazırda müalicəsi davam edir.
Allah igidimizə şəfa versin. Ömərlə sağollaşıb ayrılanda ətrafdakı insanların onunla şəkil çəkdirmək üçün növbəyə durduğunu gördüm. Başımız söhbətə qarışarkən ətraf insanla dolmuşdu. Hamı özlərinin və uşaqlarının canlı əfsanəylə şəkil çəkdirməsini istəyirdi. Qürurdan gözlərim doldu. “Biz sizlərlə fəxr edirik, igidlərimiz!”,- sözlərini özümdən ixtiyarsız ucadan dedim…