Press "Enter" to skip to content

Azərbaycanla Gürcüstan arasında təhlükəsizlik müzakirəsi

Bayraqdar.info – Aprelin 27-28-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.

Məlumatı DTX-nın İctimai Əlaqələr Şöbəsi yayıb.

Məlumatda bildirilir ki, səfər zamanı general-polkovnik Əli Nağıyev ümummilli lider Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsini ziyarət edib, önünə əklil qoyub. Daha sonra şəhərin Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış abidə də ziyarət edilib.

Açıqlamada deyilir ki, nazir Gürcüstan DTX-nın rəhbəri Qriqol Liluaşvili ilə görüşüb. Görüşdə regionda mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, həmçinin beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsindən danışılıb. Habelə, dünyada ciddi siyasi-iqtisadi fəsadlara səbəb olmuş koronavirus pandemiyası ilə bağlı meydana çıxan yeni təhdidlərə qarşı birgə mübarizənin effektivliyinin artırılması və təhlükəsizliklə bağlı digər aktual məsələlər müzakirə edilib.

Ə.Nağıyev Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri ilə də görüşüb. Tərəflər fikir mübadiləsi aparıb, bölgədə təhlükəsizliyin etibarlı təmin olunmasının, terrorçu və digər cinayətkar qruplara qarşı mübarizədə birgə səylərin artırılmasının vacibliyini qeyd ediblər.

Bunda sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ə.Nağıyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanla Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edən İ.Qaribaşvili təhlükəsizlik sahəsində ölkələr arasında əlaqələrin davamlı inkişaf etdiyini və bu əməkdaşlığın bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verdiyini vurğulayıb.

Mission News Theme by Compete Themes.