Press "Enter" to skip to content

Avtomobillə yükdaşıyan şirkətlərin qarşılaşdıqları əsas çətinliklər

Son yeniləmə: 29 Aprel 2021 17:20

Dövlət Vergi Xidməti və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən görüşdə bu istiqamətdə müzakirə aparılıb

Bayraqdar.info – Beynəlxalq yükdaşıma sahəsində nəqliyyat-ekspedisiya xidməti göstərən şirkətlərin fəaliyyətinə vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. Ekspeditorların fəaliyyəti üzrə xidmətlərin ƏDV-yə sıfır dərəcəsi ilə cəlb edilməsi təklifi artıq cari il üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsinə əlavə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avtomobil nəqliyyatı vasitələri ilə yükdaşımalarda iştirak edən yerli şirkətlərlə onlayn formatda keçirilən görüşdə məlumat verilib. Dövlət Vergi Xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, görüş avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıma zamanı vergilərlə bağlı yaranmış məsələlərin müzakirəsi məqsədilə keçirilib. Görüşdə İqtisadiyyat Nazirliyinin, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının, AZPROMO-nun, Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri və avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində fəaliyyət göstərən logistik şirkətlərin təmsilçiləri iştirak edib.

Görüşdə avtomobil nəqliyyatı vasitələri ilə yük daşıyan şirkətlərin qarşılaşdıqları əsas çətinliklər və Dövlət Vergi Xidmətinin nəzarət sahəsinə düşən məsələlər ətrafında müzakirələr aparılıb.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bu sahənin inkişafının dövlətin diqqət mərkəzində olduğunu qeyd edib, yükdaşımalar bazarında yerli şirkətlərin rəqabətə davamlılığının artırılmasının vacibliyni bildirib.

Bir sıra vacib məsələlərin müzakirə edildiyi görüşdə həmçinin beynəlxalq yükdaşıma sahəsində qaldırılmış məsələlərə dair vergi qanunvericiliyi çərçivəsində cavablar verilib və sahibkarlar tərəfindən qarşılaşdıqları problemlərin necə rəsmiləşdirilməli olduğu izah edilib. Bildirilib ki, mövcud qanunvericilikdə onların fəaliyyətini məhdudlaşdıran hər hansı normalar yoxdur. DVX nümayəndələri sahibkarlara metodiki dəstək üçün əməliyyatların rəsmiləşdirilməsi, xərclərin tanınması üçün zəruri tövsiyyələr və yazılı təlimatların təqdim ediləcəyini bildiriblər.

Tədbirdə müvafiq sahə üzrə vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı qaldırılan məsələlərin və təkliflərin diqqətdə saxlanılacağı qeyd olunub. Habelə daşıyıcıların fəaliyyətinin rəsmiləşdirilməsi ilə bağlı Vergi siyasəti baş idarəsinin müvafiq strukturu ilə birlikdə uyğun təlimatların hazırlanması sahəsində qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.

Mission News Theme by Compete Themes.