Bayraqdar.info – Aprelin 29-da futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Bu oyunda ölkə kubokunun finalçıları müəyyənləşəcək.
Bu barədə Azərbaycan Peşəkar Futbol Liqasından xəbər verilib.
Bildirilir ki, günün ilk oyununda “Qarabağ” klubu “Sumqayıt”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq: “Meydan sahiblərinin heyətində Filip Ozobiç və Şahruddin Məhəmmədəliyev zədə səbəbindən oyunda iştirak etməyəcəklər. Qapıçı Ş.Məhəmmədliyev qarşılaşmanın “23-lüy”ündə yer alacaq, amma matçda forma geyinməyəcək. Yüngül zədəsi olan Bədavi Hüseynovun da iştirakı sual altındadır. Patrik Andrade isə meydana çıxmağa hazırdır. Qonaqların heyətində isə cəzalı və ya zədəli oyunçu yoxdur”.
Açıqlamada o da bildirlir ki, digər oyunda “Zirə” “Keşlə” ilə qarşılaşacaq. Meydan sahiblərinin iki futbolçusu oyunda iştirak edə bilməyəcək. Ruslan Qurbanov ötən həftə koronavirusa yoluxduğundan, Riçard Almeyda isə cəzalı duruma düşdüyündən komandasına kömək edə bilməyəcək. Qonaqlardan isə legionerlər – Miyusko Boyoviç və Yevgeni Koçuk zədə səbəbindən meydana çıxmayacaq. Görüş saat 20:00-də başlayacaq.
Qeyd olunur ki, “Qarabağ” – “Sumqayıt” oyununu hakim Əliyar Ağayev, “Zirə” – “Keşlə” qarşılaşmasını isə hakim Elçin Məsiyev idarə edəcək.