Kolumbiya mətbuatı azad olunmuş ərazilərimizdə Ermənistanın törətdiyi dağıntılar və UNESCO-nun fəaliyyətsizliyi barədə yazıb
Bayraqdar.info – UNESCO beynəlxalq təşkilat olaraq rolunun dünyada tarixi-mədəni və dini abidələrin qorunması olduğu halda, Ermənistanın ötən ilin sonlarınadək işğalda saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizmə heç bir münasibət bildirməyib. Qurum bu müddət ərzində bir dəfə də bu ərazilərə müşahidə missiyası təşkil etməyib. Bu təşkilatın erməni vandalizmi qarşısında səssiz qalması təəccüb və hiddət doğurur.
Bu barədə Kolumbiyanın nüfuzlu rəqəmsal mediası olan “Las2 Orillas” qəzetində dərc edilmiş “UNESCO kor, kar, lal olub, yoxsa əsirə çevrilib?” başlıqlı yazıda məlumat verilib. Tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu məqalədə Azərbaycanın azad olunmuş ərazilərində 30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən törədilmiş kütləvi dağınıtılar və UNESCO-nun erməni vandalizminə laqeyd yanaşmasından ətraflı bəhs edilib.
Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata əsasən, yazıda Şuşa, Ağdam, Qubadlı, Zəngilan və digər şəhərlərimizdə Ermənistanın mədəni soyqırımı törətdiyi, bu ərazilərdə dini ziyarətgah, məscid, muzey, arxeoloji yer, məzarlıq, həmçinin çoxlu sayda digər mədəni və dini abidələri məhv etdiyi bildirilir. Bu hərəkətlərin insanlıq əleyhinə cinayət olduğu vurğulanır. Ermənistanın bu addımlarla “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il Avropa Konvensiyası və UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1992-ci il Konvensiyasını kobud şəkildə pozduğu, bütün bunların müqabilində isə bu günədək cəzasız qaldığı qeyd olunur.
Məqalədə həmçinin, Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun ölkə ərazisində dağıntıya məruz qalmış abidələrin bərpası ilə yanaşı, ölkə xaricində də tarixi-mədəni irsin mühafizəsi istiqamətində fəaliyyət göstərdiyi bildirilir.
Sonda UNESCO-nun təşkilatdaxili siyasi qərəzin əsirinə çevrilib-çevrilmədiyi sual edilir. Eyni zamanda, qurumun təyinatına uyğun olaraq davranmalı olduğu, qeyri-siyasi və tərəfsiz mövqe tutmasının gərəkliliyi, bu kimi vandalizm hallarına göz yummamalı və tarixi-mədəni irsin mühafizəsi işinə sadiq qalmalı olduğu deyilir.