Press "Enter" to skip to content

Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

Prezident İlham Əliyev

Son yeniləmə: 28 Aprel 2021 20:10

Bayraqdar.info – Aprelin 28-də Dünya İqtisadi Forumunun prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurumun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşü olub.

Xəbəri Prezident Administrasiyasının Mətbuat Xidməti yayıb.

Xəbərdə deyilir ki, görüşdə ölkəmizlə Dünya İqtisadi Forumu arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib, Azərbaycanla Dünya İqtisadi Forumunun ölkəmizdə qeyri-neft sektorunun inkişafı sahəsində də uğurla əməkdaşlıq etdiyi qeyd edilib.

“Prezident İlham Əliyev Borge Brendeyə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verib. Dövlətimizin başçısı bildirib ki, həmin ərazilərdə yenidənqurma prosesi gedir, qarşıda nəhəng iş durur və böyük bir ərazi tamamilə yenidən qurulacaq. İki gün əvvəl “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq kəndlərin təməlinin qoyulduğunu vurğulayan dövlətimizin başçısı işğaldan azad edilmiş əraziləri “yaşıl zona” elan etdiyini, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasından istifadə olunacağını, şəhərlər üçün baş planların hazırlandığını, enerji istehsalı, elektrik enerjisi, avtomagistrallar, dəmir yolları, hava limanları ilə bağlı infrastruktur layihələrinin həyata keçirildiyini deyərək bu sahədə Dünya İqtisadi Forumu ilə əməkdaşlığın perspektivlərinə toxunub”, – deyə xəbərdə bildirilir.

Açıqlamada bildirilir ki, söhbət zamanı Azərbaycanda pandemiya ilə mübarizə sahəsində görülən tədbirlər də qeyd edilib və son günlərdə ölkədə sağalanların sayının artması müsbət amil kimi qiymətləndirilib. Azərbaycanda vaksinasiyaya başlanıldığı, əhalimizin 14 faizinin artıq peyvənd olunduğu bildirilib.

Daha sorna Azərbaycanın 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərdiyi qeyd edilib və ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi qaldırdığı məsələlərdən birinin də dünyada vaksinlərin ədalətli bölgüsü ilə bağlı olduğu diqqətə çatdırılıb.

Məlumatda o da bildirilir ki, görüşdə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinə aid Azərbaycan Mərkəzinin fəaliyyəti vurğulanıb. Dövlətimizin başçısı MDB regionunda ilk bu cür mərkəzin məhz Bakıda yaradılmasına görə minnətdarlığını bildirib. Daha sonra Prezident İlham Əliyev Borge Brendeni Azərbaycana səfərə və mərkəzin fəaliyyəti ilə tanış olmağa dəvət edib.

Mission News Theme by Compete Themes.