Bayraqdar.info – Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev bu gün Nur-Sultanda keçirilən Qazaxıstan Xalqı Assambleyasının toplantısında qurumun ömürlük rəhbəri vəzifəsindən istefa verib. O, öz yerinə Qazaxıstanın hazırkı Prezidenti Qasım-Comart Toqayevin namizədliyini irəli sürüb.
Bu haqda xəbəri QazAqparat verib.
“Məlumdur ki, 2019-cu il mart ayının 19-u axşam saat 19-da Qazaxıstan xalqına bəyan etdim ki, prezident vəzifələrimi başa vururam. Düşündüm ki, bu qədər bəsdir və rəhbərliyin dəyişməsi lazımdır”, – deyə Assambleyanın 29-cu sessiyasında çıxış edən N.Nazarbayev bildirib.
Elbası əlavə edib ki, varislik məsələsi 2019-cu ildə həll edilib: “Həyat bu addımın düzgünlüyünü təsdiq edib. Bu gün təsdiq edilir ki, o addım düzgün idi. Mən daha irəli getmək istəyirəm. Bu, mənim üçün ciddi addımdır. Assambleyanın qurucularındanam. Assambleyanın bu illər ərzində mənə dəstək olan bütün üzvlərinə təşəkkür edirəm. Bu, vacib idi. Bəllidir ki, Assambleyaya ömürlük başçılıq etmək hüququm var. Həmişə sizinlə olacağam və bundan imtina etmirəm. Onu da deyim ki, bəzi səlahiyyətlər ölkə prezidentinə aiddir. Yəni bütün məsələlər bir əldə olmalıdır. Mən qərara gəldim ki, Assambleyaya başçılıq hüququmu Qasım-Comart Toqayevə ötürüm”.
Q-C.Toqayev də öz növbəsində N.Nazarbayevin Assambleyanın fəxri sədri olmasını təklif edib.
Qeyd edək ki, hazırda Nur-Sultan mərkəz olmaqla Assambleya öz işini onlayn keçirir. Ümumilikdə 550 nəfərdən çox nümayəndənin iştirak etdiyi bildirilir. Onların arasında Assambleyanın bölgələrdən olan üzvləri, parlamentin deputatları, mərkəzi icra qurumları, siyasi partiyalar, dini birliklər, QHT-lərin rəhbərləri, eləcə də elmi və yaradıcı şəxslər, media nümayəndələri var.
Onu da əlavə edək ki, Qazaxıstan Xalqı Assambleyası Konstitusion qurum olmaqla ölkədə xalqlar arasında qarşılıqlı anlaşmanı təmin etmək üçün qurulub. Qurumun ölkə parlamentinə 9 üzv təyin etmək hüququ da var.