Press "Enter" to skip to content

İlk rübdə büdcəyə 3 milyard manatdan çox vəsait daxil olub

Son yeniləmə: 28 Aprel 2021 13:25

Bayraqdar.info – Bu ilin yanvar-mart aylarında Dövlət Vergi Xidməti tərəfindən vergi daxilolmaları üzrə proqnoza 121,1 faiz əməl olunub.

Bu barədə Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən bayraqdar.info-ya verilən məlumatda deyilir.

Qeyd olunur ki, proqnoza nisbətən bəhs edilən müddətdə 363,9 milyon manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 45,78 milyon manat çox vergi toplanıb.

Vergi daxilolmalarının 72,4 faizi qeyri-neft-qaz sektorunun, 27,6 faizi neft-qaz sektorunun payına düşüb. Eyni zamanda qeyri-neft-qaz sektorunun xüsusi çəkisi ötən ilin ilk rübü ilə müqayisədə 3,7 faiz artıb.

Məlumatda o da bildirilir ki, bu ilin birinci rübündə vergi orqanlarının xətti ilə büdcəyə 3 milyard 11 milyon 300 min manat vəsait daxil olub. Bunun da 2 milyard 85,7 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 925,6 milyon manatı isə məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarıdır.

Mission News Theme by Compete Themes.