Press "Enter" to skip to content

Bu gün Rusiyanın Azərbaycanı işğalından 101 il ötür

Azər Həsrət

Bu gün o gündür. 1920-ci ildə Türkiyəyə yardıma getmək üçün Azərbaycandan keçəcəyi yalanını uyduran və nəticədə ölkəmizi növbəti dəfə işğal edən Rusiyanı unutmadıq. Unutdurmadıq. Unutdurmayacağıq.

28 aprel 1920-ci ildə məhz Rusiya, artıq bu dəfə Çarlıq İmperiyası deyil, Sovetlər Rusiyası Azərbaycanı növbəti dəfə işğal etmişdi.

Rusiya özü də o dönəmlərdə dəyişmişdi. Fəhlə-kəndli hökuməti qurub insanlara daha sayğılı yanaşacağını iddia edən bu dövləti idarə edənlərin təfəkkürü devirdikləri Çar Rusiyasını idarə edənlərin təfəkküründən heç nə ilə fərqlənmirdi.

Çar Rusiyası açıq-aşkar bir imperiya idi. Güclü dövlət idi və əli çatan hər yeri işğal edirdi. Ona görə də 100 ildən də çox idi ki, Azərbaycan da daxil olmaqla Qafqazlar, eyni zamanda Orta Asiya türk torpaqları, eləcə də adı Rusiya olan, lakin indinin özündə belə milyonlarla kv km-lik ərazini əhatə edən digər türk yurdları bu imperiyanın zülmü altında inim-inim inildəyirdi. O imperiya devriləndə və buna Azərbaycan insanları da töhfəsini verəndə hamı düşünürdü ki, daha azadlıq mərhələsi başlayır. Hətta düşünənlər vardı ki, artıq Rusiya o Rusiya deyil. İndi hər kəs öz müstəqil dövlətini bərpa edib dinc qonşuluq şəraitində yaşayacaq…

Lakin elə olmadı. Ola da bilməzdi. Bir kiçik ölkənin yanında Rusiya kimi haldan anlamaz bir ayı varsa, o kiçik dövlətə rahat yoxdur demək.

Azərbaycan məhz o gün işğal edildi. 1918-ci il mayın 28-də böyük dövlət adamı Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının qurduğu Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay sonra devrilmiş oldu.

Xalq Cümhuriyyətini devirən rus işğalçıları bununla da qalmadılar. Sonrakı mərhələdə milli insanları tək-tək, bəzən də toplu şəkildə məhv edib sıradan çıxardılar. Bu sıradan çıxarmanın zirvəsi 1937-38-ci illərdə oldu. Öndə gələn hər kəsi çarmıxa çəkdilər, Sibirə yolladılar, heç bir məhkəməsiz güllələdilər.

Böyük əhali kəsimlərini Azərbaycandan sürgün edib Orta Asiya çöllərinə möhtac qoydular rus işğalçıları…

Onlar bizə nələr yaşatmadılar ki? Hər şeyimizi əlimizdən aldılar. Namusumuza təcavüz etdilər. Dövlətimizin və millətimizin mal-mülkünü, varidatını talan edib başımıza ağa kəsildilər…

Və bu, düz 70 il davam etdi! Bir millət olaraq 70 il dözdük, lakin əlimizə düşən ilk fürsətdə belimizi dikəldib müstəqil dövlətimizi yenidən bərpa etdik. Bu da Rusiyanın xoşuna gəlmədi. Yenə də bizə qan göstərdi bu Quzey ayısı. 1990-cı ilin 20 yanvarında gecənin gecində Bakı şəhərinə – dinc sakinlərin üzərinə tanklar yeridib minlərlə insanı qanına qəltan etdi bu mədəniyyətdən yoxsun, çağdaş dünyanın üz qarası olan dövlət!

Bununla da qalmadı Rusiya. Ermənistanı üzərimizə qısqırdıb doğma torpaqlarımızı əlimizdən almasına yardımçı oldu. Bu da azmış kimi 26 fevral 1992-ci ildə bütün gücüylə ermənilərin yanında yer alıb Xocalı kimi insanlıq ayıbı olacaq bir soyqırımı da ruslar yaşatdı bizə!

Lakin Azərbaycan xalqı yenə də dözdü, dayandı, özünə gəldi. Bu dəfə bir daha ayağa qalxdıq və Rusiyanın gözünün içinə baxa-baxa onun cicibacısı olan Ermənistanın işğalına son qoyduq!

Əgər 1918-ci ildə qurulmuş dövlətin Rusiya təcavüzünə qarşı duruş gətirmək imkanları yox idisə, bu dəfə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında birləşmiş güclü bir Azərbaycan dövlətinin varlığı xroniki imperiya xəstəliyindən əziyyət çəkən bu xəstə dövləti neytrallaşdırmağa yetdi. Lakin yenə də Rusiya son anda oyununu oynadı və bu dəfə açıq işğalçı kimi deyil, “sülhməramlı” kimi torpağımıza öz kirli burnunu soxdu…

Lakin!

Lakin Azərbaycan 101 il öncənin Azərbaycanı deyil. Heç dünya da 101 il öncənin dünyası deyil. Ona görə də Rusiya da 101 il öncə olduğu kimi özünü cəzasız hiss edə bilməz! O baxımdan indi onun bir ovuc “sülhməramlı”sının torpağımızda olması bizi elə də narahat etmir. Bununla belə, çomağı da əldən qoymuruq…

Keçmiş olsun 101 il öncəki işğal. Yaşadıqlarımızı unutmuruq. Lakin daha o dövlət deyilik. Daha o xalq da deyilik. İndi bizim güclü dövlətimiz var. Həm də hər il aprelin 28-dən sonra bir də 28 May gəlir axı…

Mission News Theme by Compete Themes.