Press "Enter" to skip to content

Baş Prokurorluqda BQXK-nin üzvləri ilə görüş keçirilib

Son yeniləmə: 28 Aprel 2021 20:17

Bayraqdar.info – Aprelin 28-də Baş prokurorun birinci müavini Elçin Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini xanım Beata Skvarska-Zonhenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.

Xəbərdə deyilir ki, Baş prokurorun birinci müavini BQXK ilə ölkəmiz arasında uğurla inkişaf edən qarşılıqlı əlaqələr barədə danışıb. O, ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, eləcə də vətəndaşlarımıza qarşı sülh və insanlıq əleyhinə törədilmiş cinayətlər barədə məlumat verib.

Otuz ilə yaxın dövr ərzində Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünün bərpa edildiyi vurğulayıb.

“Daha sonra o, 1993-cü ilin aprelində Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhalinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi, həmin şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktları üzrə Baş Prokurorluq tərəfindən başlanmış cinayət işi barədə BQXK-nın nümayəndələrinə məlumat verib”, – deyə bildirilir.

Açıqlamada bildirilir ki, xanım Beata Skvarska-Zonhen münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardımın göstərilməsi, cəbhəboyu ərazilərdə yaşayan mülki şəxslərin təhlükəsizliyi, fiziki və psixoloji sağlamlıqları, itkin düşmüş şəxslərin taleləri ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi layihələr, o cümlədən keçirdikləri təlimlər barədə məlumat verərək ikitərəfli münasibətlərin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduqlarını bildirib. Beata Skvarska-Zonhen hərbi münaqişə nəticəsində itkin düşmüş şəxslərin tapılmasının ümumi məqsəd olduğunu vurğulayaraq bu istiqamətdə Komitə tərəfindən intensiv işlərin görüldüyünü qeyd edib.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.