Son yeniləmə: 28 Aprel 2021 15:48
Bayraqdar.info – Məlum olduğu kimi, 26 aprel 2021-ci il tarixində bayraqdar.info-da “BNA nəhayət ki, ictimai nəqliyyatı tənzimləməyə başlayacaqmı?” adlı yazı dərc etmişdik. Bu gün – aprelin 28-də Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli hesabat xarakterli mətbuat konfransı keçirərək görülən işlər barədə media nümayəndələrini məlumatlandırıb.
Yazıda toxunduğumuz məsələlərdən Əhmədli metrosunun üzərindəki dayanacaqda baş verənləri, orada avtobuslar üçün olan zolaqlarda taksilərin və digər avtomobillərin dayanma-durma hərəkətləri həyata keçirərək sərnişin götürməsi səbəbindən avtobusların dayanacağa daxil ola bilməməsini göstərmişdik. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsini pozan taksi sürücüləri avtobus dayanacağını rahatca zəbt edir və onların barəsində heç bir ölçü götürülmür, cərimə olunmurlar. Bu üzdən də eyni hərəkətlər hər gün davam edir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi sorğumuza cavab verib.
BNA-nın cavabında deyilir: “İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən avtobus dayanacaq məntəqəsində və ondan 15 metr az yaxınlıqda digər nəqliyyat vasitəsinin dayanma və durması qadağandır və buna görə 40 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Qanunun tələblərinə uyğun olaraq BNA-nın əməkdaşları, eyni zamanda qanunsuz parklanmaya dair intellektual kameralar vasitəsilə bu xətaları pozan sürücülər aşkar edilir və barələrində inzibati tədbirlər görülür. Tərəfinizdən bildirilən konkret əraziləri (ünvanları) qeyd etməklə həmin əraziyə qısa zamanda əməkdaşlar cəlb ediləcək və ərazidə monitorqinlər keçiriləcək”.