Press "Enter" to skip to content

ABŞ-da türklərə nifrət qusan ermənilərə ittiham elan edilib

Bayraqdar.info – Aprelin 27-də ABŞ Ədliyyə Nazirliyi (Department of Justice) Kaliforniyada iki şəxsin bir ailə restoranına hücum edib qurbanlarını öldürməklə hədələməkdə ittiham edilməsi haqqında məlumat yayıb.

Məlumatda deyilir ki, Los Anceles böyük münsiflər heyəti iki nəfəri sui-qəsd və nifrət cinayətinə cəhddə ittiham edib. Bu şəxslər türk ailəsinə mənsub restorana soxularaq antitürk şüarlar qışqırmaqda, qurbanlarına stul atmaqda və onları ölümlə hədələməkdə ittiham edilir.

İttiham ayın 27-də səhər 23 yaşlı Harutyun Harri Çəlikyan adlı şəxsin tutulmasından sonra elan edilib.

Hadisədə adı keçən ikinci şəxs – 23 yaşlı Uilyam Stepanyan dövlət nəzarətindədir və önümüzdəki həftələrdə məhkəmə qarşısına çıxarılacaq.

Erməni əsilli Amerika vətəndaşları olan bu iki şəxs bir sui-qəsd, beş ayrı nifrət cinayətində ittiham edilir.

İttihama görə, Stepanyan 4 noyabr 2020-ci ildə bir SMS göndərərək, “türk ovuna” getməyə hazırlaşdığını bildirib. Həmin gün Stepanyan və Çəlikyan başqa ermənilərlə birləşərək “Türkiyənin Ermənistana təcavüzünə” etiraz etməyə çalışıblar.

Adı çəkilən şəxslər daha sonra başqa ermənilərlə birlikdə bir ailəyə məxsus restorana soxularaq oradakı insanlara hücum edib. Hər iki şəxs maskada olub. Onlar içəridəkilərə hücum edərək türklər əleyhinə söyüşlər səsləndirib. Zərər çəkmiş 5 nəfərdən 4-ü türk olub.

İttihama görə, hücum edənlərdən ən azı biri açıq şəkildə deyib ki, “Biz sizi öldürməyə gəlmişik! Biz sizi öldürəcəyik!”

Hücum zamanı zərərçəkənlər yaralanıb, onlardan biri huşunu itirərək bir neçə dəfə yıxılıb. Zərərçəkənlər qaçıb qurtulduqdan sonra hücum edənlər restoranı dağıtmağa davam edib. Nəticədə ən azı 20 min dollar zərər dəyib. Bundan başqa, məcburi boşdayanmaya görə də restoran itkiyə məruz qalıb.

Əgər ittiham təsdiqini taparsa, hər iki erməni gənci nifrət cinayətinə görə 10 il, sui-qəsdə görə isə 5 il müddətinə həbs ediləcək.

Məsələni Federal Təhqiqatlar Bürosu araşdırıb.

Bayraqdar.info: Əlavə edək ki, 2020-ci ilin 27 sentyabr – 10 noyabr günləri aralığında Azərbaycan ordusunun Ermənistanın işğalı altındakı torpaqları azad etmək üçün həyata keçirdiyi uğurlu əməliyyatlar bütün dünyada ermənilərin nifrət püskürməsinə səbəb olmuşdu. Onlar müxtəlif ölkələrdə Azərbaycan və Türkiyə səfirlikləri, iş yerləri önündə “etiraz aksiyaları” keçirərək hər iki ölkəni “Ermənistana təcavüz”də ittiham edirdilər. Bu “aksiyalar” çox zaman zorakılıqla müşayiət olunurdu. Yuxarıda sözügedən əməl də onlardan biridir.

Mission News Theme by Compete Themes.