“Əgər ABŞ Prezidenti Co Bayden, o cümlədən bəzi avropalı liderlər həqiqətən də haqq-ədalət axtarışındadırlarsa, o zaman ilk olaraq öz keçmişlərinə baxsınlar”
Bayraqdar.info – “ABŞ Prezidenti Co Baydenin aprelin 24-də 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırması heç bir çərçivəyə sığımır. Sayın Cümhrubaşqanı Recep Tayyip Erdoğanın da Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində dediyi kimi, ABŞ Prezidenti Co Bayden bir əsrdən çox əvvəl baş verən ağrılı hadisələr barədə əsassız, ədalətsiz və real olmayan açıqlamalar verib. Tarixi proseslərin araşdırılması və əsl həqiqətlərin ortaya çıxarılması siyasətçilərə deyil, tarixçilərə tapşırılmalıdır.”
Bunu bayraqdar.info-ya açıqlamasında Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
General bildirib ki, əvvəla, Osmanlıda yaşayan bütün ermənilərin sürgün edilməsi ilə bağlı iddialar tamamilə yalandır. Belə ki, 1914-cü ildə 20-yə yaxın rayonda dağınıq şəkildə yaşayan ermənilərin yalnız 7 rayonda yerdəyişməsi baş verib: “Digər tərəfdən ermənilərin xəyanəti, hər fürsətdə arxadan zərbə vurmaq istəyi, satqınlıqları və bunun dövlətin təhlükəsizliyinə təhdidi nəzərə alınaraq Osmanlı hökumətı mayın 15-də ermənilərin yerdəyişməsi haqqında qərar qəbul etmək məcburiyyətində qalıb ki, bu cür köçürmələr də tarixdə rast gəlinən ilk hadisə deyildi. Yəni, bundan əvvəl və sonra dünyanın müxtəlif yerlərində dövlətlərin müharibələr zamanı öz təhlükəsizliyi naminə bu cür köçürmələrə qərar verdikləri hər kəsə, o cümlədən Co Baydenə də yaxşı məlumdur. Eyni zamanda həmin vaxt ölən ermənilərin sayı da süni şəkildə şişirdilir ki, bu da qətiyyən qəbuledilməzdir. Onu da deyim ki, Birinci Dünya müharibəsi zamanı bir çox yerdə ermənilərin məhv etdiyi türklərin kütləvi məzarlığı olduğu halda, heç bir yerdə erməni kütləvi məzarlığı yoxdur. Bu isə gercək soyqırımın ermənilər tərəfindən türklərə qarşı törədildiyini bir daha ortaya qoyur”.
Müsahibimiz deyib ki, əgər ABŞ Prezidenti Co Bayden, o cümlədən bəzi avropalı liderlər həqiqətən də haqq-ədalət axtarışındadırlarsa, o zaman ilk olaraq öz keçmişlərinə baxsınlar: “O tarixlərə ki, orada Qərbin bu gün “həqiqət, haqq-ədalət carcısı” olan dövlətlərinin zaman-zaman törətdikləri soyqırımları, qətliamlar haqqında yetərincə tarixi faktlar, rəqəmlər mövcuddur. Lakin nə ABŞ, nə də bəzi Avropa dövlətləri real soqırımılarını görmək istəmir, əksinə, olmayan, qondarma “erməni soyqırımı” ətrafında əsassız hay-küy salırlar. Bu da həmin dövlətlərin bu məsələdən sadəcə Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək niyyətindən xəbər verir. Lakin onlar unutmasınlar ki, Türkiyə bu cür təzyiqlər qarşısında geri çəkiləcək ölkə deyil”.
Yücel Karauz onu da deyib ki, bu gün ermənilərin yalançı göz yaşalına “yas tutan” xarici güclərin səmimi olmadıqlarını onların cəmi 30 il öncə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı və qətliamlara səssiz qalmaları da sübut edir: “Sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın məlum müraciətində bəyan etdiyi kimi, Ermənistanın Azərbaycana qarşı işğalının dəhşətli nəticələri ortada olduğu halda türkləri soyqırımında ittiham etmək haqsızlıq və ədalətsizlikdir. Əslində Co Bayden başda olmaqlla həmin gücləri narahat edən bir amil də Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və Türkiyə ilə bilrikdə regionda əhəmiyyətli gücə sahib olmasıdır. Cənab Prezidentimizin vurğuladığı kimi, uzun illər həllini tapmayan məlum problemin aradan qaldırılması üçün ən gözəl cavabı Qarabağda birlikdə vermişik. Halbuki otuz il əvvəl Azərbaycan torpaqlarında törədilənlərə dünya səssiz qaldı. Eyni zamanda problemin həlli üçün ABŞ, Rusiya və Fransanın təmsilçiliyi ilə yaradılan Minsk qrupu heç bir iş görmədi. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz yurdundan qaçqın düşdü. Həmin bölgədə bütün varlığı, binaları, tarixi dağıdıb yandırdılar. Bir sözlə, gerçək soyqırımı axtaranlar buyurub Qarabağda yaşananlara, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlara baxsınlar”.
Türkiyəli general onu da bildirib ki, əslində, Co Bayden bu bəyanatı ilə Ermənistanı daha çətin bir duruma saldı: “Çünki Azərbaycan, Türkiyə və Rusiya bu bölgəyə sülh və sabitliyin gətirilməsi, 6 tərəfli əməkdaşlıq platforması çərçivəsində bölgədəki sülhü, təhlükəsizliyi və iqtisadi inkişafı təmin etmək üçün perspektivlər və hər cür həll yolları təqdim etmişdi. Ancaq erməni diasporunun təsiri ilə verilən bu qərar Ermənistanda bəzi revanşist qüvvələri həvəsə gətirə bilər ki, bu da o ölkəyə müsbət heç nə vəd etmir. Yəni, hadisələrin bu cür inkişafı Ermənistan üçün çıxılmaz vəziyyət yarada bilər”.