Bayraqdar.info – Aprelin 24-də İran televiziyasının 4-cü kanalında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin təhqir edilməsi Güney Azərbaycanda etirazla qarşılanıb.
Bu barədə Təbrizin “azərəncümən” xəbər saytı məlumat yayıb. Xəbərə görə, şəhərin əsas meydan və ya küçələrinin birinə Məhəmməd Füzulinin adının verilməsi tələbi ilə sosial şəbəkələrdə kampaniya başladılıb.
“Radio-Televiziya Verilişləri İdarəsi və Təhsil Nazirliyinin qeyri-səmimi və təhqiramiz hərəkətindən sonra Təbrizin bir qrup mədəniyyətsevər sakini bu dahi şəxsiyyətin xatirəsini əbədiləşdirmək üçün şəhərin əsas meydan və ya küçələrindən birinə Füzuli adının verilməsini istəyir. Bu tələblə sosial şəbəkələrdə kampaniya başladılıb”, – deyə xəbərdə bildirilir.
Sosial şəbəkələrdə başlanan kampaniyada iştirak edənlərin əksəriyyəti təklif edib ki, Təbrizin Firdovsi küçəsinin adı dəyişdirilərək Füzuli qoyulsun.
Qeyd edək ki, Güney Azərbaycanda sözügedən olaya sərt reaksiyadan sonra verilişin aparıcısı fars dili və ədəbiyyatı müəllimi Höccət Kəcani Hisarini azərbaycanlılardan üzr istəməyə məcbur olub.
O, eyni televizya kanalında çıxış edərək yanlışlığa görə azərbaycanlılardan və ölkədə yaşayan türk dilli xalqdan üzr istədiyini, İran şəxsiyyətlərinin yarısının Azərbaycana aid olduğunu və baş verən hərəkətin məqsədli olmadığını bildirib.
C.E
Qaynaq: GünAz.TV