Press "Enter" to skip to content

Kuzey Kıbrısdan Azərbaycana “Qardaş ölkələr” foto-sərgisi – FOTOLAR

Son yeniləmə: 27 Aprel 2021 21:13

Bayraqdar.info – Aprelin 27-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Bakı nümayəndəliyinin mədəniyyət və təhsil attaşesi, tanınmış fotoqraf Tevfik Ulualın “Qardaş ölkələr” adlı fotosərgisi keçirildi.

Bayraqdar.info-ya özəl açıqlama verən Tevfik Ulual bildirdi ki, 2008-ci ildən fotoqraflıqla məşğul olur. 2019-cu ildən etibarən isə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsiçliyində mədəniyyət və təhsil attaşesi olaraq fəaliyyətə başlayıb.

“Bu müddətdə Bakıdakı gözəl yerlərin fotolarını çəkdim. Daha sonra Kıbrısdakı və Bakıdakı fotoçəkilişlərimi birləşdirərək “Qardaş ölkələr” adlı sərgi təşkil etməyi planlaşdırdıq. Bu sərgi vasitəsilə hər iki ölkəni bir-birinə – həm Azərbaycana Kıbrısı, həm də Kıbrısa Azərbaycanı tanıtmaq baxımından maraqlı bir iş olacağını fikirləşirəm. Belə mədəni, sənət işlərinin ölkələrimiz arasında qardaşlıq bağlantısının inkişafı baxımından gözəl bir ilmək atacağını düşünürəm”, – deyə o, bayradar.info-ya öz açıqlamasında bildirib.

Qeyd edək ki, Tevfik Ulualın “Qardaş ölkələr” adlı ilk fərdi yaradıcılıq sərgisi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümə həsr olunub. Sərginin təşkilatçısı Aygün İsgəndərova, layihə rəhbəri isə Elnurə İsgəndərovadır. Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçiliyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və “Azərkitab” Kitab Təbligatı Mərkəzi layihəyə dəstək verir. Sərgidə nümayiş etdirilən əsərlərin sayı 44 günlük Qarabağ Zəfər Qələbəmizə uyğun olaraq 44 ədəddir.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahit Bağcı, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycan üzrə təmsilçisi Növber Ferid Veçhi, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və digərləri iştirak edirdilər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başladı. Daha sonra Türkiyə Cümhuriyyətinin ölkımizdəki səfiri Cahit Bağcı çıxış etdi. O, 44 günlük Qarabağ Zəfər Qələbəsinə aid edilən 44 ədəd əsərdən ibarət sərginin açılmasını yüksək qiymətləndirdi.

“Bu qələbə Azərbaycanda olduğu qədər Türkiyədə də çox yüksək coşqu ilə qarşılandı. İnsanlar bu sevinci göz yaşı ilə göstərdilər. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm. Bu torpaqların geri qaytarılması bizi çox sevindirdi. Düşünürəm ki, bu sərgi iki qardaş ölkə arasında isti münasibətləri bir az da yaxşılaşdıracaq”, – deyə səfir bildirdi.

Daha sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycan üzrə təmsilçisi Növber Ferid Veçhi xanım bu sərginin Azərbaycanın ümumilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanımın doğum gününə həsr edildiyini bildirərək, onu yüksək qiymətləndirirdi.

“Pandemiya səbəbindən ara verdiyimiz tədbirləri ilk olaraq bu sərgi ilə davam etdik”, – deyə Növber xanım Kuzey Kıbrısla Türkiyənin və Azərbaycanın ayrılmaz bir can olduqlarını dilə gətirdi.

Azərbaycan Mətbuat Şurasının sədri Ə.Amaşov da öz növbəsində fotoqraf Tevfik Ulualı təbirk edərək sərginin yüksək dəyərindən danışdı.

Fotoqraf Tevfik Ulual: 1963-cü ildə Lefkoşada anadan olub. 1990-2010-ci illərdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Milli Təhsil və Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəblərdə ingilis dili müəllimi, 2010-cu ildən 2019-cu ilə qədər isə müdir müavini işləyib. 2019-cu ilin iyul ayından etibarən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin mədəniyyət və təhsil müşaviri vəzifəsində çalışır.

Mission News Theme by Compete Themes.