Press "Enter" to skip to content

Prezident İlham Əliyev Zəngilan və Cəbrayılda olub – FOTO/VİDEO

Son yeniləmə: 27 Aprel 2021 16:08

Bayraqdar.info – Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olub.

Məlumatı Prezident Administrasiyasının Mətbuat Xidməti yayıb.

Məlumatda bildirilir ki, dövlət başçısı, birinci xanım və qızları Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhənin qarşısına gəliblər.

Prezident İlham Əliyev: “Cəbrayıl rayonuna gəlmişik. Vaxtilə Cəbrayıl rayonunun girişində ucaldılmış lövhəni biz indi yenidən qurduq və eyni formada, eyni dizaynla. Biz “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsini bərpa etdik”, – deyib.

Açıqlamada qeyd olunur ki, daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısına məlumat verilib ki, yeni hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün şərait var.

Açıqlamada deyilir ki, hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşüb və çıxış edib.

Sonra Prezident İlham Əliyev yeni hərbi maşınlarla tanış olaraq onlardan birini idarə edib.

“Ağıllı kənd” layihəsi işə başlayır

Administrasiyanın açıqlamasında daha sonra bildirilir ki, ölkə başçısı işğaldan azad edilmiş Zəngilanın rayonunun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub: “Kənd Təsərrüfatı naziri İnam Kərimov layihənin icrası barədə ölkə başçısına məlumat verib. Bildirib ki, layihə əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Ev daxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər”, – deyə bildirilir.

Layihədə iştiakçı əcnəbi şirkətlərin Azərbaycandakı nümayəndələri dövlət başçısı ilə görüşərək, layihə barədə ətraflı məlumat veriblər.

Açıqlamada bildirilir ki, prezident İlham Əliyev Zəngilan rayonunun sakinləri ilə görüşərək söhbətləşib. Görüşün sonunda Zəngilan sakinləri ölkə başçısı və ailəsi ilə xatirə şəkli çəkdiriblər.

Mission News Theme by Compete Themes.