Press "Enter" to skip to content

Meksikanın “ContraReplica” qəzetindən Azərbaycana diqqət

Bayraqdar.info – Meksikanın nüfuzlu mediasında regionumuzda münaqişə sonrası durum, həmçinin Azərbycanın gördüyü işlər, beynəlxalq ictimaiyyətin rolu haqda məqalə və müsahibələrin dərci davam etdirilir.

Bu barədə ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, bu kontekstdə Meksikanın “ContraReplica” qəzetində səfir Məmməd Talıbovun jurnalist Federiko Lamontla müsahibəsi dərc olunub.

Müsahibədə işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıdışının təmin edilməsi üçün ölkəmiz tərəfindən geniş miqyaslı infrastruktur layihələrinə başlandığı bildirilib. Eyni zamanda, bu məqsədlərin həyata keçirilməsini ləngidən bəzi maneələrin olduğu, bu xüsusda 30 ilə yaxın işğal müddətində ərazilərin infrastrukturunun tamamilə dağıdıldığı, tarixi-mədəni irsimizin məhv edildiyi, habelə burada kütləvi minalanma aparıldığı və hazırda Ermənistanın beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq minalanmış bölgələrin xəritəsini verməkdən imtina etdiyi xəbər verilib.

Almaniya kansleri A.Merkelin AŞPA-dakı çıxışı zamanı Qarabağı misal göstərməsi barədə suala münasibətdə Azərbaycanın hər zaman bu məqamı vurğuladığı, sülhə gedən yolda başlıca amilin dövlətərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət edilməsi olduğu, bu xüsusda Ermənistan təcavüzkar siyasətindən əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və öz xalqını barışığa hazırlamalı olduğu bildirilib. Həmçinin bu məsələlərin təmin edilməsi üçün Azərbaycanın ərazi bütövlüyünü hamılıqla tanıyan beynəlxalq ictimaiyyətin də öz tərəfindən səy göstərməsinin vacibliyi qeyd olunub.

Hazırkı mərhələdə BMT Təhlükəsizlik Şurası və qurumun qeyri-daimi üzvü olan Meksikanın regiondakı proseslərə verə biləcəyi töhfəyə dair suala cavabında isə səfir Azərbaycanın münaqişəni həll olunmuş hesab etdiyini bildirib. Diplomat həmçinin hazırda BMT TŞ və ümumilikdə beynəlxalq ictimaiyyətin 10 noyabr və 11 yanvar tarixli bəyanatlar əsasında regionda barışığa yönəlik səyləri, habelə azad edilmiş ərazilərin minalardan təmizlənməsi, burada infrastrukturun yenidən qurulması, məcburi köçkünlərimizin geri qaytarılması və erməni əsilli vətəndaşların ölkənin ictimai həyatına və hüquq sisteminə inteqrasiya etdirilməsi istiqamətində Azərbaycanın göstərdiyi səyləri dəstəkləməsinin önəmini vurğulayıb.

Mission News Theme by Compete Themes.