Bayraqdar.info – Cenevrədə keçiriləcək 5+BM qeyri-rəsmi toplantısı ərəfəsində aprelin 26-da Türkiydə səfərdə olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar başda Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı Recep Tayyip Erdoğan olmaqla bır sıra rəsmilərlə görüşlər keçirib. Həmin gün axşam isə KKTC Cümhurbaşqanı Ankarada Türkiyənin vitse-prezidenti Fuat Oktayın onun şərəfinə verdiyi iftar yeməyinə qatılıb. İftar yeməyi zamanı tərəflər arasında Cenevrə toplantısı öncəsi son dəyərləndirilmələr aparılıb.
Xatırladaq ki, 27-29 aprel tarixlərində Cenevrədə 5+BM formatında keçiriləcək qeyri-rəsmi toplantı Kıbrıs adasının gələcəyi baxımından əhəmiyyət daşıyır. Birləşmiş Millətlər Təşkilatının himayəsində və iştirakıyla keçiriləcək toplantıya Kuzey Kıbrıs Türk Cümhuriyyəti və Kiprin rum kəsimi ilə yanaşı Türkiyə, Böyük Britaniya və Yunanıstan təmsilçisi qatılacaq.
Toplantıdan öncə verdiyi müsahibə və açıqlamalarda bu görüşdən gözlənilən nəticlər barədə məqamlara toxunan KKTC Cümhurbaşqanı Ersin Tatar, “Kıbrıs türkləri olaraq mövqeyimiz qətidir. Bundan sonra adada hər hansı federasiyanın yaranması qeyri-mümkündür. Kıbrıs türk xalqı olaraq hesab edirik ki, problemin həlli üçün ortaya yeni ideya qoyulmaldır. Bu yeni həll təklifinin mərkəzində suveren iki dövlətə əsaslanan bərabərhüquqlu razılaşma dayana bilər”, deyib.
Ersin Tatar ötən gün “Amerikanın səsi” radiosuna müsahibəsində də bir daha qeyd edib ki, tək çözüm adada iki müstəqil dövlətin tanınmasıdır. O, Cenevrədən belə bir razılaşmayla ayrılacaqlarına ümid etdiyini deyib.