Son yeniləmə: 27 Aprel 2021 12:30
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ilin birinci rübündə 3 min 500-dək şəxs cəlb olunub.
Bu barədə bayraqdar.info-ya Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.
Qeyd olunub ki, proqramın icrasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara üstünlük verilir. Yanvar-mart aylarında proqramın əhatə etdiyi şəxslərin də böyük əksəriyyəti şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alan ailələrin üzvləri, qadınlar və gənclərdir. Proqrama cəlb olunanlara təlimlər keçildikdən sonra biznes planlarına uyğun olaraq onlara mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılır.