Press "Enter" to skip to content

“Zəngəzur dəhlizi” termini beynəlxalq aləmdə möhkəmlənir – VİDEO

Prezident İlham Əliyev

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Çıxışın önəmi, eləcə də səsləndirilən fikirlərlə bağlı Milli Məclisin deputatı Cavanşir Feyziyevin operativ şərhini təqdim edirik:

“Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean hövzəsi üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında iştirakı və çıxışı Azərbaycan reallıqlarının və perspektivlərinin beynəlxalq auditoriyaya çatdırılması baxımından çox önəmli bir hadisədir.

Birincisi, Azərbaycan Prezidentinin ölkəmizin üzv olmadığı bir regional birliyə aid Komissiyasının işinə dəvət alması faktının özü ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunu nümayiş etdirir. Bu, BMT kimi qlobal təşkilat tərəfindən Azərbaycanın geo-strateji əhəmiyyətinin region və qitə səviyyələrini aşaraq bütövlükdə dünya üçün beynəlxalq əhəmiyyət kəsb etməsinin etirafıdır. Şübhəsiz, bu həm də öz-özlüyündə Azərbaycan prezidenti tərəfindən aparılan ardıcıl və səmərəli siyasətin bəhrəsidir.

Qısa həcmli çıxışında prezident İlham Əliyev Azərbaycanın beynəlxalq siyasətdə oynadığı rol, bölgədə apardığı konstruktiv siyasət və eləcə də ölkədə həyata keçirilən nəhəng bərpa-quruculuq işləri haqqında hərtərəfli dolğun məlumatlar verdi. Pandemiya ilə bağlı dövlətimizin beynəlxalq miqyasda və ölkə daxilində gördüyü tədbirlərin nisbətən yeni auditoriyanın diqqətinə çatdırılması Azərbaycanın dünya miqyaslı təhlükənin dəf olunmasında oynadığı qlobal rolu ortaya çıxardı. Dövlət başçısının “vaksin millətçiliyi” ilə bağlı söylədiyi fikirlər Azərbaycanın qlobal miqyaslı bir problemin aradan qaldırılmasında beynəlxalq ədalətə sadiqliyini və beynəlxalq həmrəyliyə nail olmaq səylərini nümayiş etdirdi.

Bölgəmizdə və Azərbaycandakı mövcud vəziyyəti şərh edən prezident İlham Əliyev öz çıxışında son 30 ildə Cənubi Qafqazda baş vermiş hadisələrin qısa və anlaşıqlı mənzərəsini yaratdı. Azərbaycanın işğal altında qalmış torpaqlarını azad etməklə öz gücünə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdiyini diqqətə çatdırdı. Bu çıxış bölgəmiz haqqında və Azərbaycanın bu bölgədə oynadığı rolu haqqında ən vacib bilgilərin Asiya və Sakit Okean hövzəsi ölkələrinin daha geniş dairələrinə uğurlu təqdimatı və tanıdılması oldu. Azərbaycanın Qərb-Şərq və Şimal-Cənub istiqamətlərində siyasi, iqtisadi və humanitar əlaqələrin mərkəzində yer aldığını və son illər ərzində bu əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün zəruri infrastrukturun yaradılması istiqamətində irəli sürülmüş təşəbbüslərin və həyata keçirilən layihələrin diqqətə çatdırılması Asiya və Sakit Okean hövzəsi ölkələrində Azərbaycanın geo-strateji mövqeyi barədə aydın təsəvvür formalaşdırdı. Vətən müharibəsindən sonra ölkəmizdə və xüsusilə, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa işləri haqqında verilən məlumat və region dövlətlərinin bu nəhəng layihələrin icrasında fəal iştiraka dəvət olunması Azərbaycanın qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığa açıq olduğunu göstərdi. Tezliklə həyata keçirilməsi nəzərdə tutulan Zəngəzur dəhlizinin açılacağı barədə verilən anonsun da Şərqlə Qərb arasında birbaşa bağlantını təmin edən vacib nəqliyyat həlqəsi kimi Asiya və Sakit Okean ölkələrinin maraqlarına uyğun olması şübhəsizdir. Prezidentin çıxışının bu hissəsində “Zəngəzur dəhlizi” ifadəsinin yer alması da təsadüfi deyil. Tarixi həqiqətlərin bərpa olunması baxımından bu terminin beynəlxalq siyasət leksikasına və beynəlxalq səviyyəli danışıqların və nəticə etibarilə beynəlxalq səviyyəli sənədlərin mətninə gətirilməsi də ölkə başçısının düşünülmüş siyasətidir və böyük rəğbətə layiqdir.

Asiya və Sakit Okean hövzəsi ölkələrində bölgəmiz haqqında kifayət qədər səhih məlumatın olmadığını nəzərə alsaq, Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean hövzəsi üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı bugünkü çıxışını dünyanın bizim üçün nisbətən yeni bir bölgəsinə Azərbaycanın uğurlu siyasi çıxışı kimi dəyərləndirə bilərik. Bu açılımın ölkəmiz üçün faydalı bəhrələri özünü çox gözlətməyəcək”.

Mission News Theme by Compete Themes.