Press "Enter" to skip to content

Yenə də tibb işçisi, yenə də COVID-19-a görə maliyyə məsələsi

Son yeniləmə: 26 Aprel 2021 19:33

Bayraqdar.info – Neftçala rayon prokurorluğunda Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Quliyev Elman Mətləb oğlu barəsində cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Açıqlamada deyilir ki, Neftçala rayon prokurorluğunda vətəndaşların şikayəti əsasında araşdırma aparılarkən məlum olub ki, rayon xəstəxanasının direktoru Elman Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2020-ci il ərzində müxtəlif vaxtlarda xəstəxanaya koronavirus infeksiyasına yoluxmuş xəstə qəbul olunmadığı halda, həmin xəstəxanada işləyən qeyri-tibb və digər işçilərə müddətli əlavənin ödənilməsi ilə bağlı hesablama cədvəli barədə məlumatlar hazırlayıb. Daha sonra o, “müvafiq sənədləri imzalayaraq möhürlə təsdiqlədikdən sonra qeyd edilən işçilərə bank vasitəsilə ümumilikdə 25 min manat məbləğində müddətli əlavənin ödənilməsini təmin etməklə dövlətin mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib”, – deyə açıqlamada bildirilir.

Prokurorluq qeyd edir ki, faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb və Elman Quliyev barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İstintaq zamanı vurulmuş maddi ziyanın tam ödənilməsi təmin edilib.

Cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdırılaraq qısa müddət ərzində məhkəməyə göndərilməsi nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.