Bayraqdar.info – “Bu, kifayət qədər ciddi məsələdir. Bildiyiniz kimi, ilk dəfə deyil ki, radikal erməni qruplarının bu kimi nifrətə əsaslanan, hətta cinayət tərkibli əməlləri ilə üzləşirik. Xatırlatmaq istərdim ki, hələ ötən ilin iyul ayında yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarət yetirmişdi. Los Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılıqla bağlı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırma başlatmışdı, bu zorakılıqda iştirak edən iki nəfər saxlanılsa da, bu prosesdə xüsusi fəallıq göstərmiş digər iki nəfərin axtarışı hələ də davam edir. Hadisədən 10 aya yaxın müddətin keçməsinə baxmayaraq, nifrət zəminində cinayətin törədilməsində şübhəli bilinən əsas şəxslərin tapılıb məsuliyyətə cəlb edilməməsi böyük təəssüf və təəccüb doğurur. Bununla bağlı tərəfimizdın qarşı tərəfə rəsmi narazılığımız bildirilib. Göründüyü kimi, məhz cəzasızlıq səbəbindən, Los Ancelesdə radikal ermənilərin nifrət zəminində cinayətlərinin növbəti təzahürünü görürük. Bu məsələ ilə bağlı ciddi narahatlığımız ABŞ-ın ölkəmizdəki səfirliyinə bir daha çatdırılacaqdır.”
Bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva medianın Los Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada Azərbaycan bayrağına bürüdülmüş manekenin edam edilməsi səhnəsi ilə bağlı sualının cavablandırarkən deyib.
Qeyd edək ki, aprelin 24-də sıx yaşadıqları Kaliforniyanın Los Anceles şəhərində kütləvi mitinq təşkil edən ermənilər Azərbaycan və Türkiyə əleyhinə nifrət tərkibli çağırışlar ediblər.