Press "Enter" to skip to content

Türkiyənin yeni səfiri etimadnaməsinin surətini təqdim edib

Bayraqdar.info – Xarici İşlər naziri Ceyhun Bayramov aprelin 26-da Türkiyə Cümhuriyyətinin Azərbaycanda vəzifəsinin icrasına başlamış yeni səfiri Cahit Bağcını qəbul edib.

Bu haqda xəbəri Nazirliyin Mətbuat xidməti idarəsindən veriblər.

Səfir C.Bağcı nazir C.Bayramova etimadnaməsinin surətini təqdim edib.

C.Bayramov iki ölkə arasındakı münasibətlərdən danışıb, yeni səfirə bu yöndə göstərəcəyi fəaliyyətdə uğurlar arzu edib.

“Nazir Ceyhun Bayramov, həmçinin qondarma soyqırımı mövzusuna toxunaraq, bu hadisələrin “soyqırımı” kimi qələmə verilməsinin reallıqla əlaqəsinin olmadığını və bunun siyasi təzyiqin təzahürü olduğunu Türkiyə səfirinin diqqətinə çatdırıb”, – deyə xəbərdə bildirilir.

Qeyd edək ki, söhbət ABŞ Prezidenti Co Baydenin 24 aprel müraciətində 1915-ci ildə yaşananları “erməni soyqırımı” kimi ifadə etməsindən gedir.

Daha sonra bildirilir ki, “səfir Cahit Bağcı qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edərək, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun səmimi salamlarını nazirin diqqətinə çatdırıb. Türkiyə və Azərbaycan münasibətlərinin zirvədə olduğunu qeyd edən səfir Cahit Bağçı, iki ölkə rəhbərinin dostluq və qardaşlıq əlaqələrinin bu xüsusda önəmli rolunu vurğulayıb. Səfir kimi fəaliyyəti dövründə ikitərəfli əlaqələrin səviyyəsinin daha da inkişaf etdirilməsi ilə yanaşı, üç, dörd və çoxtərəfli formatlarda da əməkdaşlığın genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib”.

Mission News Theme by Compete Themes.