Press "Enter" to skip to content

O müdhiş qəzadan 35 il keçdi. İnsanlarsa hələ də ölür…

Dördüncü enerji blokunun reaktorunda baş verən partlayış onu tam olaraq sıradan çıxardı.

Bu, sadəcə bir qəza deyildi.

Bu, sadəcə o qurğunun məhvi demək deyildi.

Bu, böyük bir fəlakət idi. Həm də qlobal fəlakət.

Çünki bu partlayışın ardından ətraf mühitə çox miqdarda radioaktiv maddələr atıldı və bir anda böyük bir ərazi, hətta qonşu ölkələrin yaxın əraziləri insan üçün yaşanmaz hala gəldi.

Söhbət 1986-cı il aprelin 26-da Ukrayanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasındakı partlayışdan gedir.

Aradan 35 il keçib. Lakin hələ də Çernobıl yaraları tam sağalmayıb. Şəhər və ətrafdakı yaşayış məntəqələri büsbütün boşdur. İndi də. O partlayış sırasında həyat necə donmuşdusa, elə də qalıb.

Ekspertlərə görə, Çernobıl fəlakəti atom energetikası sahəsində o dövr üçün ən böyük qəza idi. İstər həlak olmuş insan sayına, istərsə də iqtisadi zərərinə görə.

İlkin mərhələdə ölüm halları ikirəqəmli olsa da sonrakı mərhələdə bu rəqəm artdıqca artdı. Ərazidəki 115 min nəfər əhali mümkün qısa müddətdə köçürülsə də onların xeyli hissəsi sonrakı həyatlarında Çernobılla yaşamalı və ölməli oldular. Çünki köçürməyə qədər artıq bəlli bir miqdarda şüalanmaya məruz qalmışdılar…

Açıq mənbələrdə verilən məlumatlara görə, Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması işinə o dövrdə SSRİ-nin hər tərəfindən 600 minədək əlavə qüvvə cəlb edilmişdi. Onların da ən azı 6 mini Azərbaycandan səfərbər olunanlar idi…

Bu fəlakət nəticəsində 200 min kv km ərazi (Azərbaycan ərazisindən 2,3 dəfə çox) şüalanmaya və reaktiv çirklənməyə məruz qaldı. Ukraynayla bərabər qonşu Rusiya və Belarusun da ərazisini əhatə edən bu çirklənmə həm də çox sayda insanın həlak olmasına gətirib çıxardı.

Müstəqil mənbələrin məlumatlarına görə, Çernobıl qəzası nəticəsində sonrakı illər də daxil olmaqla bir neçə 10 min insan həlak olub və ən azı 50 min insanın həlak olması gözlənilir.

Bundan başqa, bir sıra Avropa ölkələri də daxil olmaqla, müxtəlif ölkələrdə Çernobıl partlayışının təsirinə məruz qalmış insanlardan doğulan uşaqlar arasında xərçəng və başqa qorxunc xəstəliklər geniş yayılıb. Hətta bir çox hallarda uşaqlar ciddi fiziki və əqli qüsurlarla doğulur.

Ən çox yayılan xəstəliklər arasında qalxanabənzər vəzin xərçəngi gəlir…

Qeyd etdiyimiz kimi, Azərbaycandan da 6 min insan Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmişdi. Onların böyük əksəriyyəti müxtəlif dərəcəli şüalanmaya məruz qalmış, ağır xəstəliklərə düçar olmuşdu…

Mission News Theme by Compete Themes.