Bayraqdar.info – Aprelin 25-də Müdafiə Nazirliyində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçular əvvəlcə Milli Qəhrəmanın Şəhidlər Xiyabanındakı məzarını, sonra isə Bakının Nərimanov rayonunda ucaldılmış abidəsini ziyarət ediblər. Daha sonra hərbçilər A.Aqarunovun xatirəsini ehtiramla yad edərək gül dəstələri qoyublar.
“Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər A.Aqarunovun şərəfli həyat yolundan danışaraq, onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqları xatırlayıblar. Bildirilib ki, qəhrəmanımız öz Vətəninin müstəqilliyi uğrunda canını fəda etmişdir”, – deyə açıqlamada vurgulanıb.
Qeyd edilib ki, Dağlıq Qarabağda döyüşlər başlayarkən könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci il may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Açıq mənbələrdə verilən məlumatlara görə, Albert Aqarun oğlu Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Çox erkən yaşlarından musiqilə maraqlanan Albert musiqi məktəbində nəfəs aləti sinifini bitirib. Hərbi xidmətinə 1987-ci ildə Gürcüstanda başlayan Albert tank komandiri olub. 1989-cu ildə hərbi xidməti başa vurduqdan sonra Bakıya qayıdıb, burada Maşınqayırma Zavodunda işə başlayıb.
I Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq döyüşə yollanıb. Şuşada 777 saylı hərbi hissədə tank komandiri kimi döyüşlərə qatılıb. 1992-ci il mayın 8-də erməni bayrağını Şuşaya sancmaq üçün hərəkətə gələn tank komandiri Qaqik Avsaryanın 442 nömrəli tankını Albert Aqarunov 533 nömrəli tankı ilə vurub. Tankda 3 erməni məhv olub.
Daha sonra Albert Xankəndi, Daşaltı və Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Hətta düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyubmuşlar.