Press "Enter" to skip to content

Ermənistandan mina xəritələrini tələb edənlərin sayı artır

Bayraqdar.info – Mina xəritələri ilə bağlı Ermənistana qarşı petisiyaya qoşulanların sayı 15 min nəfərə yaxınlaşıb.

Bu haqda xəbəri imzatoplama kampaniyasının təşəbbüskarı Beynəlxalq Avrasiya Mətbuat Fondundan veriblər.

Xəbərdə deyilir: “Azərbaycanın müharibədən zərər çəkən regionlarında fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı dünyaca məşhur www.change.org saytında Ermənistana qarşı petisiya ilə çıxış edib. Petisiyanın ictimailəşdirilməsi məqsədi ilə bir müddət əvvəl tanınmış ictimai xadimlər, mədəniyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, insan hüquqları müdafiəçiləri də kampaniyaya qoşulub”.

“Petisiya beynəlxalq aləmdə ciddi marağa səbəb olub. Ona 172 min 17 baxış olub. 23 min 227 nəfər petisiyanı paylaşıb. Ümumilikdə 500-dən yuxarı şərh yazılıb, onların hamısında Azərbaycanın haqlı tələbi dəstəklənib. Bu günə kimi 15 min nəfər petisiyaya qoşulub. Petisiyaya təkcə Azərbaycandan deyil, Böyük Britaniya, İsveçrə, Rusiya, Pakistan, Kanada, Amerika, Macarıstan, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Malayziya, Almaniya, Türkiyə, Avstraliya, Sinqapur, Birma və hətta Cənubi Afrika və Keniyadan qoşulublar.”

Bu sözləri petisiyanın əsas təşəbbüsçülərindən olan Umud Rəhimoğlu deyib. Xatırladaq ki, o, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentidir.

Xəbərdə daha sonra deyilri ki, “petisiya Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının təxminən 30 illik işğalı, habelə münaqişənin bitməsindən sonrakı dövrdə Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman bu əraziləri ciddi şəkildə minalaması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı etiraz çağırışıdır”.

Sənəddə deyilir: “Ermənistan minaların harada qoyulduğunu bilir, lakin müxtəlif bəhanələrlə bu məlumatı verməkdən imtina edir. 30 ildən sonra azərbaycanlı məcburi köçkünlər geri dönərək minaların içərisində özlərinə həyat qurmağa çalışır. Lakin müharibədən sonrakı dövr ərzində 85 nəfərdən çox azərbaycanlı minaya düşərək həlak olub və ya ağır yaralanıb”.

“Petisiya dünya dövlətlərini, beynəlxalq təşkilatları, media qurumlarını Azərbaycanın üzləşdiyi mina probleminə yönəltmək üçün çoxsaylı insanların www.change.org saytında birgə etiraz çağırışıdır. Hər dəqiqə artmaqda olan bu statistika birliyimiz sayəsində bizi hədəfimizə daha da yaxınlaşdırır” – deyə Umud Rəhimoğlu qeyd edib.

“Bu petisiyanı imzalamaqla Ermənistanı minalanmış ərazilərə dair xəritələri üzə çıxarmağa çağırmağımız çox sayda günahsız insan itkisinin qarşısını ala bilər. Bütün həmyerlilərimizi petisiyaya qoşulmağa, onu paylaşmağa çağırıram. Xüsusən qardaş Türkiyədə və postsovet məkanında, Avropada yaşayan həmyerlilərimizi daha fəal olmağa çağırırıq”, deyə BAMF prezidenti bildirib.

Mission News Theme by Compete Themes.